Onların görkəmi və intellektual səviyyəsi də yoxlanılacaq
2011-ci il də bitir. Bütün dünya təzə ili qarşılamağa hazırlaşır. Çin təqviminə görə, 2012-ci il Əjdaha ili olacaq. Yeni ilin əsas atributunun Şaxta baba və Qar qız olduğunu hər kəs bilir. Onun gəlişini ən çox gözləyənlər isə uşaqlardır. Şaxta baba uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınıb. Hər il olduğu kimi, bu il də balacaları çoxsaylı sürprizlər gözləyir. Uşaqlar səbirsizliklə yolunu gözlədikləri Şaxta baba, Qar qız və müxtəlif nağıl qəhrəmanları ilə əylənmək imkanı əldə edəcək.
Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Yeni il qabağı bulvarda 8 yerdə yolka quraşdırılacaq. Yolkalar müxtəlif ölçülərdə olacaq. Ölçüsünə görə ən böyüyü Kukla Teatrının arxasında, keçmiş “Dinamo” İdman Cəmiyyətinin yerində tikilən böyük meydançada quraşdırılacaq: “Yolkaların yanında Şaxta baba və Qar qızlar da olacaq. Şaxta baba və Qar qız xidməti göstərmək üçün dekabrın 15-dən Bulvar İdarəsinə müraciət etmək olar”. N.Məcidovun sözlərinə görə, ötən illərdən fərqli olaraq bu il Şaxta baba və Qar qız işə götürülərkən onların görkəmlərinə də diqqət yetiriləcək: “Şaxta baba ucaboy, Qar qız isə incə olmalıdır. Ən əsası da onların intellektual səviyyəsi yüksək olmalıdır. Şaxta baba və Qar qız nağıllar bilməli, uşaqlarla rəftar etməyi bacarmalıdırlar. Onların sağlam olması da əsas məsələlərdəndir. Bu iş üçün müraciət edənlər şəxsiyyət vəsiqəsi və sağlamlıq haqda arayış təqdim etməlidir”. Bulvar ərazisində bir neçə yerdə şənliklər də təşkil ediləcək. N.Məcidov onu da bildirib ki, dekabrın əvvəllərindən təbii buz meydançasının quraşdırılmasına başlanılacaq. Əgər soyuqlar belə davam etsə, ötən ildən fərqli olaraq bu il təbii buz meydançası dekabrın 15-dən istifadəyə verilə bilər. Təbii buz meydançası bir yerdə, “Azneft” meydanına yaxın ərazidə olacaq. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, Yeni illə bağlı tədbirlər hazırlanır: “Bakının baş yolkasının harada quraşdırılacağı isə hələ məlum deyil”. Ə.Bağırovun sözlərinə görə, ənənəvi olaraq dekabrın ortalarında Şaxta baba və Qar qız fəaliyyəti göstərmək üçün müraciətlərin sayının daha da çoxalacağı proqnozlaşdırılır: “Hazırda bununla bağlı dəqiq rəqəmlər məndə yoxdur. Bunu bir-iki gündən sonra açıqlayacağıq”. Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün lisenziyanın qiymətinə gəlincə isə bunun ötənilki kimi bu il də 60 manat olacağı gözlənilir. Lisenziyanı paytaxt sakinləri ilə yanaşı rayonda yaşayanlar da ala bilər. BŞİH Ticarət və Xidmət Departamenti partlayıcı oyuncaqlara qarşı da reydlər keçirəcək: “Bu məhsulların satışını qeyri-qanuni təşkil edənlərə qarşı ciddi tədbirlər görüləcək”. Ümumiyyətlə, 2001-ci ildən bu məhsulların istifadəsinə qadağa qoyulduqdan sonra ölkə ərazisinə məhsulların gətirilməsinin də qarşısı alınıb. Satışa çıxarılan məhsullar isə ölkəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən gizli yolla gətirilir. Bayram ərəfəsində küçə ticarətinə qarşı da tədbirlər görüləcək və qanunsuz ticarətlə məşğul olanlar cərimələnəcək.
Yeni Müsavat