Seçki prosesi “Proses”də

MARAQLI
12:11 11.05.2011
1777
Bu kitabda Əhməd Muxtar, Abbas Atilay və Turxan Kərimovun müəllifi olduğu fotoların bir çoxu yerli və beynəlxalq mediada dərc olunan fotolardır. Bunlarla yanaşı foto-kitabda vətəndaş jurnalistikasına aid fotolardan da istifadə edilib. Fotolara Azərbaycan və ingilis dillərində yazılmış altyazıların müəllifi Xədicə İsmayılova, ön Söz-ün müəllifi isə Məmməd Süleymanovdur.

Foto-kitabın müəlliflərindən olan Əhməd Muxtarın sözlərinə görə, ideya Abbas Atilaydan gəlib: “2010-cu ilin parlament seçkiləri ərəfəsi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən seçkilərlə bağlı belə bir kitab, ümumiyyətlə, yox idi. Abbas seçki prosesini, seçkiyə hazırlığı,

təbliğat prosesini işıqlandırmaq qərarına gəlmişdi. Elə etmək istədik ki, bu seçki yadda qalsın. Mənim çəkdiyim fotolar da Abbasın dediklərinə yaxın  idi. Elə mən həmkarımı da məhz həmin ərəfədə tanıdım. Əvəllər fikirləşirdim ki, 
bizdə sosial, ciddi fotojurnalistika ilə məşğul olan adamlar yoxdur. Bir neçə ciddi fotoqraflar vardı ki, onlar bu layihəyə qoşulmağa razı olmadılar. Əslində Azərbaycanda ciddi fotojurnalistika ilə məşğul olan fotoqraflar yoxdur. Yeri gələndə Abbasın bu tipli şəkillər çəkməkdə təcrübəsi var idi və mən ondan çox şey də öyrənirdim. Çəkilişlərə bir yerdə gedirdik və mənim üçün əsas olan fikir ortaqlığı idi. Seçkilər bitdi və bir tərəf çığır-bağır saldı ki, saxtakarlıq oldu, digər tərəf isə demokratik keçdiyini açıqladı. Kimisi yazdı-pozdu. Səs-küy oldu və sonra hər kəs susdu. Əvvəlki seçkilərdən də bilirik ki, ortaya hər hansı görüntü qoyulmayıb. Bizim seçki prosesslərimiz necə olub? Bu kitab bu gün üçün deyil. Ancaq gələcək üçün bu hadisə vacibdir. Növbəti seçkilər bizdə 2013-cü ildə olacaq. Və bu kitab həmin dövrdə daha aktual olacaq. Biz sadəcə seçki proseslərini görüntüləmişik. Nəticəni hər kəs baxdıqdan sonra özü çıxaracaq”.

Kitabın maliyyəsinə gəlincə, Əhməd Muxtar bunları dedi: “Kitabın maliyyəsi bizim üçün böyük problem oldu. İnandığımız təşkilatlar var idi ki, foto-kitaba maliyyə yardımı ayıracaqlarını düşünürdük. Səfirliklər, bəzi xarici təşkilatlar bizə dolayısı ilə “yox” cavabı verdilər. “Kömək edə bilərdik, gecdir”, “bəzi fotolar sərtdir, bu siyasidir” və sair dedilər. Halbuki biz sadəcə küçədəki şəkilləri çəkmişdik. Bu ideyanı bölüşdükdə əksər insana maraqlı gəldi. Bu maraq bizi inandırdı ki, elə ən azı Facebook şəbəkəsindəki dostlarımızın sayəsində nə isə edə bilərik. Bizə bəzi təşkilatlar və ya onların əməkdaşları maliyyə yardımı göstərib. Kitabın elanı üçün bir plakat hazırladıq və insanların pul verdiyini gördük. “Alınar” deyə fikirləşdik və başladıq. Təbliğat sayəsində istədiyimiz məbləğ yığıldı, nəşriyyata bir az borcumuz qaldı. İmkan olsa 30-40 kitab da nəşr etmək olar. Ancaq bunlar üçün də pul lazımdır. Hazırda nəşr olunan kitablar bizə məbləğindən asılı olmayaraq maliyyə yardımı göstərmiş insanlara paylanacaq”.

Ə.Muxtarın sözlərinə görə, hətta kitab üçün şəxsi əşyalarını da satmaq istəyiblər: “Abbas kitaba pul toplamaq üçün digər fotoaparatını satmaq istəyirdi ki, aparatda problem çıxdı, sata bilmədi. Amma beynəlxalq müsabiqədə mükafat almışdı, onun pulunu kitabın çapına xərclədi. Əmək haqqımızı, qonorarlarımızı bu kitabın üstünə qoyduq. Mən, Abbas Atilay, Hacı Hacıyev, eləcə də Turxan Kərimov. Ancaq sosial şəbəkədəki dostlarımızın köməyi əvəzolunmazdır”.

Foto-kitabın nəşr xərcləri unikal formada təşkil olunub. Belə ki, maliyyə çətinliyi çəkən fotoqraflar foto-kitabın nəşri üçün sosial şəbəkələrdə “foto-kitaba öncədən sifarişvermə” kampaniyası keçiriblər. Yəni foto-kitab hələ nəşrə getmədən insanlar tərəfindən satın alınıb. Bu yolla foto-kitab nəşr olunub.

mənbə: var.az

OXŞAR XƏBƏRLƏR