Litvanın “Ronald Regan House” beyin mərkəzi “Cənubi Qafqaz 2008-2013: Gürcüstan, Ermənistan və Azərbaycanda iqtisadi və siyasi inkişaf” adlı hesabat yayıb.
“Ronald Regan House” beyin mərkəzinin direktoru Yustas Sireykanın (Justas Sireika) müəlliflik etdiyi hesabat 27 sentyabr 2013-cü il tarixində mərkəzin rəsmi veb səhifəsində dərc edilmişdir. Hesabatda hər üç Cənubi Qafqaz dövlətində son beş ildə müşahidə edilən iqtisadi və siyasi vəziyyət təhlil edilir, bu ölkələrdə baş verməkdə olan əsas proseslərin hazırkı durumuna və gələcək inkişaf perspektivlərinə nəzər salınır. Vilnüsdə yerləşən “Ronald Regan House” beyin mərkəzi Mərkəzi və Şərqi Avropa ölkələrində azadlıq, demokratiya, azad sahibkarlıq və səmərəli idarəetmənin inkişafı və möhləmləndirilməsinə istiqamətlənmiş tədqiqatlar aparan institutdur. Azərbaycan son illər ərzində beynəlxalq səviyyədə önəmli sərmayəçiyə çevrilib Hesabatın birinci hissəsində Cənubi Qafqaz dövlətlərinin iqtisadi durumu ətraflı şəkildə təhlil edilir. Müəllif qeyd edir ki, dünya maliyyə böhranının təsiri ilə Gürcüstan və Ermənistanda iqtisadi geriləmə yaşansa da, Azərbaycan nəinki özünü böhranın mənfi təsirlərin qoruya bilmiş, hətta son illər ərzində beynəlxalq səviyyədə önəmli sərmayəçiyə çevrilmişdir. Hesabatın Ermənistan iqtisadiyyatından bəhs edən “Ermənistan: Borc və pul köçürmələri iqtisadiyyatı” başlıqlı bölməsində ölkənin iqtisadi problemlərindən danışılır, 2009-cu il böhranı dövründə ölkənin ümumdaxili məhsulunun 14% azaldığı qeyd edilir. Bu ölkənin Türkiyə ilə tarixi mübahisələri və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi səbəbindən iqtisadi təcrid vəziyyətində qaldığını vurğulayan müəllif, nəticədə Ermənistanın Rusiyanın yardımlarından və xaricdə, əsasən də, Rusiyada işləyən erməni miqrantların göndərdiyi vəsaitlərdən asılı vəziyyətə düşdüyü qeyd edir. İqtisadi böhranın ölkənin ixracı ilə idxalı arasındakı disbalansı artırmış və illik cari əməlliyat kəsirinin – 15,8%-ə çatmasına səbəb olmuşdur. Müəllifin fikrincə, Ermənistanın iqtisadi çətinlikləri daha çox siyasi məsələlərin nəticəsidir - Türkiyə və Azərbaycanla münasibətlərini korlayan ölkə iqtisadi təhdidlərə açıq və Rusiyanın yardımlarına möhtac vəziyyətdə qalıb. Azərbaycan neft gəlrilərindən səmərəli şəkildə istifadə etməklə iqtisadi inkişafını davam etdirdi Hesabatın “Azərbaycan: Tənəzzül dövründə inkişaf” adlanan bölməsində dünyanın iqitsadi tənəzül yaşadığı bir dövrdə ölkəmizin “neft gəlrilərindən səmərəli şəkildə istifadə etməklə iqtisadi inkişafını davam etdirdiyi və ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünn olmasına baxmayaraq əhalinin yaşayış səviyyəsinin xeyli yüksəldiyi qeyd edilir”. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı illik orta hesabla 14% inkişaf etmişdir, ÜDM-in 65%-i həcmində xarici valyuta ehtiyatı yaradılmışdır. Neft gəlirlərinin toplandığı Neft Fondunun vəsaitlərindən ölkədə irihəcmli infrastruktur layihələrinin reallaşdırılması və xarici ölkələrə sərmayələrin yatırılması üçün istifadə edilir. 2012-ci ildə Neft Fondunun investisiya portfelinin həcmi 34 milyard ABŞ dollarına çatmışdır. Müəllif vurğulayır ki, “Azərbaycan hökuməti sürətli iqtisadi inkişafdan ölkədə yoxsulluğun azaldılması üçün uğurla istifadə etmiş, 2001-ci ildə 49%-dən olan yoxsulluq səviyyəsi 2012-ci ildə 6%-ə enmişdir”. Aparılan siyasət Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksəltmiş, son açıqlanan “Dünya İqtisadi Froumu”nun “Qlobal rəqabətqabiliyyətlilik 2013-2014” reytinqinə əsasən, ölkəmiz 144 ölkə arasında 39-cu mövqeni tutmuşdur. Hazırda qeyri neft sektorunun inkişaf etdirilməsi istiqamətində işlər aparılır və hökumət qarşıdakı onillik ərzində qeyri-neft iqtisadiyyatının iki dəfə böyüməsinə nail olmağı planlaşdırır. Bu istiqmətdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi fikir verilir və kosmik proqram həyata keçirilir. Həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat qovşağına çevrilməsi istiqamətində işlər aparılır, tikintisi yekunlaşmaq üzrə olan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat sisteminin Avropanın nəqliyyat sistemi ilə əlaqələndirilməsi planlaşdırılır. Regiondakı iqtisai vəziyyətin təhlili ilə bağlı fikirlərini yekunklaşdıran müəllif qeyd edir ki, iqtisadi problemlərini xarici borclar hesabına həll etmək istəyən Ermənisanın bu strategiyası nəinki özünü doğrultmamış, əksinə nəhəng xarici borcun yığılmasına gətirib çıxarımışdır. Gürcüstan son illər yaşadığı iqtisadi problemləri maliyyə konsolidasiyası və xarici sərmayələrin cəlb edilməsi yolu ilə həll etməyə çalışsa da, ölkə iqtisadiyyatında kifayət qədər problemlər qalmaqdadır. Azərbaycan böharanın cüzi təsirinə məruz qalmış, yaradılmış xarici valyuta ehtiyatı ölkə iqtisadiyyatını gələcəkdə ortaya çıxa biləcək hər-hansı bir böhrana qarşı sığortalamışdır. Azərbaycanın gələcəkdə də regionun iqtisadi lideri rolunu oynamağa davam edəcəyi gözlənilir. “Azərbaycandakı bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur” Hesabatın ikinci hissəsi hər üç Cənubi Qafqaz ölkəsinin daxili və xarici siyasi həyatında baş verməkdə olan əsas siyasi proselərinin təhlilinə həsr edilib. Müəllif qeyd edir ki, 2008-ci ildə Rusiya ilə müharibə Gürcüstanın daxili siyasi vəziyyətinə də mənfi təsir göstərmiş, 2010-cu il konstitusiya dəyişiklərindən sonra keçirilən parlament seçkiləri B.İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan üçün isə Azərbaycanla davam edən Dağlıq Qarabağ münaqişəsi ölkənin istər daxili, istərsə xarici siyasətində ən önəmli məsələ olaraq qalmış, rəsmi Yerevan “sülhün əldə edilməsi və Azərbaycan torpaqlarının geri qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir.” Ermənistandakı mövcud hökumət daxili və xarici siyasi strategiyasında Rusiyanın ölkədəki hərbi mövcudluğuna arxalanmağa davam etmişdir. Ermənistan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Təşəbbüsü”ndə iştirak etsə də, 2013-cü ilin sentyabr ayında gözlənilmədən Rusiyanın irəli sürdüyü “Gömrük İttifaqı”na qoşulmaq niyyətini bəyan etmişdir. Bu addım Ermənistanın Avropa ilə inteqrasiya prosesindən kənarda qalması anlamına gəlir və Rusiyanın yeni qələbəsi kimi qiymətləndirilə bilər. Hesabata əsasən, Azərbaycan öz resurslarından istifadə etməklə müstəqil xarici siyasət yeritməkdədir. Müəllif vurğulayır ki, ölkədəki bu siyasi və iqtisadi strategiya 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri davam etməkdədir və “Azərbaycandakı bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur”. Qeyd edildiyi kimi, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda Rusiya, İran, Türkiyə və ABŞ kimi qonşu və böyük dövlətlərlə münasibətləri balanslaşdırmağa və ölkədə iqtisadi inkişafa nail olmağa əsaslanan siyasət həyata keçirilməyə başlanmışdır. Müəllifin fikrincə, uğurlu enerji strategiyası bu siyasətin reallaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycanın Rusiya ilə münasibətləri digər region dövlətlərinin rəsmi Moskva ilə münasibətlərindən kifayət qədər fərqlənir. Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəklədiyindən və hələ də bu ölkənin təhlükəsizlik qarantı rolunu oynadığından rəsmi Bakı başa düşür ki, münaqişənin həlli yolu Moskvadan keçir. Azərbaycan Rusiya ilə münasibətlərinə xüsusi fikir verir, Moskva ilə əməkdaşlıq etsə də, bu münasibətlərdə subordinasiyaya yol vermir. Müəllifin fikrincə, Azərbaycanın İranla münasibətləri də xüsusi maraq doğurur. Azərbaycanın dünyəvi müsəlman dövlət olması İranın regional maraqlarına ziddir və Tehran Azərbaycandakı dini qruplar üzərində təsir əldə etməyə çalışsa da, əsasən, uğursuz olmuşdur. Qərbə istiqamətlənmiş enerji ixrac strategiyası və balanslı xarici siyasət Azərbaycanı regionun ən stabil və uğurlu dövləti etmişdir Yekunda müəllif regiondakı vəziyyəti ümumiləşdirərək qeyd edir ki, region dövlətləri öz suverenliklərini qorumaq üçün bir-birindən fərqlənən strategiya həyata keçirməyə çalışırlar. Gürcüstan son parlament seçkilərinədək demokratik islahatları davam etdirmiş və Avropa ilə yaxınlaşma xəttini üstün tutmuşdur. Təcrid vəziyyətində qalan Ermənistan isə Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətində qalmışdır. Azərbaycana gəldikdə isə, müəllif vurğulayır ki, “Qərbə istiqamətlənmiş enerji ixrac strategiyası və balanslı xarici siyasət Azərbaycanı regionun ən stabil və uğurlu dövləti etmişdir”. Hesbatın tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
https://rrhouse.org/analysis/61/south-caucasus-2008-2013-economic-and-political-developments-in-azerbaijan-georgia-and-armenia https://rrhouse.org/wp-content/uploads/2013/09/Report_South_Caucasus_2008-2013.pdf