ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask noyabrda keçiriləcək seçkilərdə respublikaçıları dəstəkləmək istəyi fonunda münasibətlərini bərpa ediblər.
Bu barədə "The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, Mask Respublikaçılar Partiyasının Konqresə nəzarəti qoruyub saxlamasına kömək etmək üçün seçici fəallığının artırılması əməliyyatına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, iki lider arasında münasibətlərin bərpa olunmasında vitse-prezident Cey Di Vens və Ağ Evin aparat rəhbəri Syuzi Uayls mühüm rol oynayıblar.
Xatırladaq ki, Tramp və Mask arasında münaqişə 2025-ci ilin yayında, Ağ Evin Mask tərəfindən dəstəklənən Cared Ayzekmanın NASA rəhbəri postuna namizədliyini geri götürməsindən sonra baş vermişdi. Mask Trampın irəli sürdüyü dövlət xərcləri və vergilər haqqında qanun layihəsini kəskin tənqid etmiş, tərəflər ictimai müstəvidə bir-birini ittiham etmişdilər.