02:38 çərşənbə Axşamı, 19 Iyun 2018
KÖŞƏ

Sədaqətin, vəfanın adıdır, sevgidir “O”

16:46, 05.01.20181715
Sədaqətin, vəfanın adıdır, sevgidir “O”
Türkan Turan 
 
"O” Əlifbanı iki hissəyə bölərək ilk hərfi özündən başladandır
 
"O", nöqtə də "O", vergül də "O". Beynimin ən gözəl düşüncəsi də "O", ən dağıdıcı olanı da "O", elə dağılanı yenidən quran da "O". Soyuq olub donduran da "O", günəş olub isidən də "O".
 
Avazım çıxdığı qədər bağırdığım da "O", ölüm kimi susduğum da "O". Uçurumundan özümü atdığım da "O", ürəyinə düşüb qurtulduğum da "O". Yandığım da, soyuduğum da, soyulduğum da "O".
 
"Sevir-sevmir" deyə bütün çiçəklərin ləçəklərində axtardığım da "O", istədiyim cavabı ala bilmədiyim vaxt hikkəmdən bütün güllərə qənim kəsilməyimə səbəb də "O". Nəfəsim də "O", boğulduğumu hiss edəndə, kəsilən nəfəsimə nəfəslik olanım da "O". Baharda çiçək açdığım da "O", payızda bütün yarpaqlarımı yolub tökdüyüm də "O". Oturduğu taxtından devirmək istədiyim də "O", qılıncımı ataraq yorğun düşmüş qollarımı yerə çökmüş dizlərimin üstünə qoyub, üzümü göyə tutub, dərindən nəfəs alaraq məğlubiyyətimdən zövq almağıma səbəb olan da "O".
 
Taqətdən salan da "O", dünyanı ovucumun içinə alacaq qədər güclü edən də "O". İmnuteti zəiflədib, tük kimi edərək ölümə sürükləyən də "O", sevgisi ilə ölümün pəncəsindən alaraq, həyata qaytaran da "O". Din də "O", iman da "O", cənnət də "O", cəhənnəm də "O", qəbir də "O, əzabı isə "o"nsuzluq! Başlanğıc da "O", sonsuzluq da "O", son da "O". Yoxu çox edən də "O", çoxu heç edən də "O". Öldüyüm də "O", öldüm deyə-deyə hər dəfə yenidən sevgisində doğulduğum da "O". Qaçdığım da "O", qaçarkən özümü tutub məhbəsinə qapatdığım da "O".
 
Bütün yolları, körpüləri dayandığı istiqamətə çəkdirən də "O", sonra həmin yolları dağıdıb, körpüləri yandıran yenə də "O". Milyonlarla insanın yaşadığı şəhəri gedişi ilə bomboş edən də "O”, dini,dili yad ölkəni içində olduğu üçün sevdirənim də "O”. Qoxusunu içimə çəkib, bir küncdə saxlayaraq darıxdıqca qoxladığım da "O”, dərisinə toxunaraq min cür çiçək açdığım da "O”.
 
"Qara sevda”, "dəli sevda” dedikləri də "O”, heç bir halda əl çəkib, çıxıb gedə bilmədiyim də "O”. Ən çox küsdüyüm, ən tez barışdığım, ən çox suçladığım, ən çox əfv etdiyimdir "O”. Uzaqlarım da "O”, məsafələri sıfıra endirənim də "O”! Lotoreyadakı uduş, xərçəngə qarşı dərman, Ələddinin sehirli çıxarığındakı üç arzunun hamısıdır "O”. Günəş onunla batıb, onunla qalxır, çünki həyatın mərkəzidir "O”. Gözümün kənarında yumrulanıb qalmış, hər an daşmağa hazır olan göz yaşımdır "O”. Zülmətin içinəki mayakdır "O”.
 
Bütün əqrəblərin durmadan işlədiyi istiqamətdir "O”. Vaxtın qaçdığı, günlərin hücum çəkdiyi, zamanın yoxluğuna üsyan etdiyi tərəfdir "O”. Ən gözəl gülümsəyən, dodağının kənarı qaçan kimi təbəssümünə yoluxduğumdur "O”. Sakit, düzənli, nəzarət altında olan dünyaya, özündənrazılığı, məsumluğu və təmkini ilə gəlib, ona qədər olan hər şeyi söndürüb, bozardıb, heçə döndərən də "O”. Sonsuzluq qədər dərin baxışla baxdığım da "O”, sevərək ilahi həzz duyduğum da "O”.
 
Bir boşluğa qışqırıb, bir tənhalığa ulayıb, bir izdihama qoşularaq səsim çıxdığı qədər kimsəsizliyə qışqırıb, yoxluğundakı əzabdan danışmaq istədiyimdir "O”. Roman kimi sevginin sadəcə kitablardan oxunmadığını, gerçək həyatda daha artığının mümkün olduğunu sübut edəndir "O”.
 
Dünyanın 8 möcüzəsinin də, hamısıdır "O”. Ürəyin ritmini dəyişdirən, ən kiçik anları yaddaşa həkk edən, gah hıçqırıqlara boğan, gah çarəsiz hiss etdirən də "O”. Ölümün eşiyindən dönüb, onsuzluğa məhkum etməyəndir "O”. Yanımda olmayanda beynimdə tamamladığım, beynimdəkinə şübhə edəndə uydurduğum, sonra bütün şübhələrə meydan oxuyub, ürəyimin yuxarı başına keçirdiyimdir "O”.
 
Sədaqətin, vəfanın adıdır, sevgidir, sevgilidir "O”. 
XƏBƏR LENTİ