"Şəhid ailələri və qazilərin adından istifadə etmək əxlaqsızlıqdır" - Bu adamlarla necə mübarizə aparaq?

SOSİAL
14:02 02.09.2021
1541
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin gücünü bütün dünya gördü. Bu qələbənin memarları şəhidlərimiz və qazilərimizdir ki, cəmiyyət olaraq biz onlara daim minnətdar olmalıyıq.

Ancaq son illər Azərbaycanda qazi və şəhid ailələrinin adlarından istifadə edərək müxtəlif yollara əl atanlara rast gəlmək mümkündür. 

Dövlətin qazilərə və şəhid ailələrə tanıdığı imtiyazları bilən və xalqın bu insanlara qarşı həssaslığını anlayan bir sıra dələduzlar qazi və şəhid ailələrinin adlndan istifadə edir, bu adlarla pullar toplayırlar.

Bu insanları tanımaq üçün "google”da "saxta qazilər” yazmaq və çıxan nəticələrə baxmaq kifayətdir.

Bəs, biz gerçək qazilərlə saxta qaziləri, gerçək şəhid ailələri ilə bu addan istifadə edən dələduzları necə ayırd edə bilərik? Bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin Hüquqi Siyasət və Dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı bu cür şəxslərə qarşı çox sərt və hüquqi addımların atılmalı olduğunu deyir: 

"Şəhid ailələrinin, qazilərin hər birinə bizim rəğbətimiz, hörmətimiz var. Ayrı-ayrı adamlar pul qazanmaq üçün bu müqəddəs addan istifadə edirlər. Onlara qarşı çox sərt, hüquqi addım atılmalıdır. Belə hallar baş verərsə, bu cür insanlara heç bir halda güzəşt etmək olmaz. Elə adlar, elə statuslar var ki, müqəddəsdir, onu gəlir mənbəyinə çevirmək olmaz. Məhz şəhid ailələri və qazilər bu qrupdan olanlardır. Bu cür fırıldaq əməllərə əl atanlar qanun qarşısında çox sərt şəkildə cəzalandırılmalıdır”.

AZXEBER.COM-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli də fikirlərini bildirib. 

Ekspert qeyd edib ki, bu cür hallara əl atmaq əxlaqsızlıqdır: "Bu cür şəxslər həmişə olub, indi də var. Şəhid ailələri, qazilər adından istifadə edənləri tez-tez görürük. Bu, ən yaxşı halda tərbiyəsizlik, qanun pozuntusudur. Pis halda isə əxlaqsızlıqdır. Biz də rast gəlirik, hüquq-mühafizə orqanları da həmin şəxsləri saxlayaraq barələrində tədbirlər görür. Bu cür halların qarşısını almaq üçün bir neçə yol var. Onardan birincisi ictimai qınaqdır. İctimai qınaq bu cür halların qarşısını amaq üçün ən yaxşı vasitədir. İkincisi isə qanundur. Bununla bağlı qanunda müəyyən müddəalar var. 

Dələduzluq maddəsi ilə dövlət, hökümət və xüsusi statusa malik olan şəxslərin adından etmək kimi müddəalar var. Həmin adamlar bu şəkildə cəzalandırıla bilər”. 

Ekspert bildirir ki, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır: "Bu addan istifadə edən şəxslər elə düşünürlər ki, qazi adından istifadə etməklə müəyyən üstünlük qazanacaqlar. Lakin onlar unutmamalıdırlar ki, istər qazi, istər digər statuslu şəxslər vətən, torpaq uğrunda xidmət aparmış şəxslər digər vətəndaşlara yanaşı hər bir şəxs qanun qarşısında cavabdehdir. Yəni statusundan asılı olmayaraq qanunlar hamı üçündür. Xüsusi statusa malik olmaq qanundan yayınmaq demək deyil. Sadəcə olaraq xüsusi imtiyazlar var ki, həmin yararlanaraq dövətin müəyyən dəstəyini əldə edirlər. O da dövlətin müəyyən qanunlarıdır. Yenə də qeyd edirəm ki, ictimai qınaq qanuna, qanunun işləmə mexanizminə dəstək olmalıdır. Bunu görən şəxslər, vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidilər. Həmin şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə belə şəxslər qazi adına ləkə gətirməyə, hörmətsizlik etməyə davam edəcəklər”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR