"Şəhid məmura görə yox, öz vətənini, xalqını, torpaqlarını qorumaq üçün canından keçir"

"Şəhid məmura görə yox, öz vətənini, xalqını, torpaqlarını qorumaq üçün canından keçir"
SOSİAL
15:59 24.10.2017
6462
"Şəhidlərimizə belə hörmətsizliklə yanaşan şəxslərə, saytlara ümumiyyətlə, icazə verməmək lazımdır. Ar olsun, o insanlara..."

"Cəbhədə şəhid olan hər əsgər vətən uğrunda canını qoyur. Vətəni isə bölmürlər”.

AZXEBER.COM xəbər verir ki, bunu "Sherg.az”a sosial şəbəkələrdə yayılan "Şəhid atası” yaxud "Vətən daşı” adlı karikaturaya münasibət bildirərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

O bildirib ki, əsgərlərimiz vətəni qoruyarkən şəhid olursa, ən yüksək pilləyə yüksəlir:

"Çəkilən karikatura ilk növbədə şəhidliyə hörmətsizlikdir. Ümumiyyətlə, belə fikirlərin cəmiyyətdə, sosial şəbəkələrdə yayılması düzgün deyil. Bu fikirlərin müəllifləri hörmətsiz şəkildə insanlığa, müsəlmanlığa xas olmayan şəkildə belə addımlar atırlar. Buna başqa cür qiymət verilməz.

Şəhidlərimizə dövlət səviyyəsində ehtiram və hörmət göstərilir. Dövlət səviyyəsində keçirilən şəhidlərlə bağlı tədbirlərə, xalqımızın hüzn günlərinə, qəhrəmanların anım mərasimlərinə məmur adını daşıyan hər kəs qatılır. Bölgələrdən, hətta həmin ərazilərə aidiyyəti olmayan yerlərdən vəzifəli şəxslər bu tədbirlərə xüsusi önəm verir, ehtiramla yanaşır. Cəmiyyət şəhidin ailəsi, valideynləri ilə oğul itkisinə şərik olur, qürur hissi ilə əsgərin şəhidlik zirvəsinə ucalmasından danışır. Bütün hallarda şəhidlərimizlə fəxr edirik”.

Karikaturaların hansı məqsədlə çəkildiyini anlamadığını vurğulayan polkovnik bildirib ki, bu, düşmən dəyirmanına su tökməkdir:

"Bu karikaturaları yerləşdirdikdə nə haqda düşünürlər anlamıram. Belə hörmətsiz şəkildə addım atmağın xalqa heç bir xeyri yoxdur. Vətəni, xalqı qorumaq, işğal altındakı torpaqları geri qaytarmaq lazımdır. Şəhid məmura görə yox, öz vətənini, xalqını, torpaqlarını qorumaq üçün canını qoyur. Əsgər bu zirvəyə ucalmaqla sübut edir ki, vətəni uğrunda canından keçməyə də hazırdır.

Mən şəhid verən, torpaqları uğrunda döyüşən komandirəm! Əsgərlərimizin qəhrəmanlığını, şəhidlərimizin əzmini görən komandirəm! Şəhidlərimizə belə hörmətsizliklə yanaşan şəxslərə, saytlara ümumiyyətlə, icazə verməmək lazımdır. Ar olsun, o insanlara ki, öz istedadını bu formada göstərir. Başqa formada, vətənpərvərlik ruhunda bacarıqlarını insanlara çatdıra bilərlər. Düşmən dəyirmanına su tökməsinlər.

Gözləməzdim ki, aprel döyüşlərindən sonra belə anlaşılmayan addım atanlar olsun. Çünki bu zaman bütün cəmiyyət - işindən, vəzifəsindən, siyasi baxışlarından asılı olmayaraq hər kəs Azərbaycan Respublikasının Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş komandanının ətrafında birləşdi. Hər kəs öz dəstəyini göstərdi, şəhidləri çiyinləri üzərində apardı. Yüksək ehtiramla şəhidlərimizi son mənzilə yola salırıq. 

Ruh yüksəkliyi ilə hər an torpaqları azad etməyə hazır olan gənclərə bu karikaturalarla yanaşma bizə lazımdırmı? Bu nəyə xidmət edir, hansı məqsəd güdür? Düşünürəm ki, bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bizim cəmiyyətdə belə hallara yol vermək olmaz. 

Bir fikrimiz olmalıdır - Qarabağın azad edilməsi üçün hər an hazır olmaq. Bu istiqamətdə bütün vətənpərvər addımlarımızı atmalıyıq. Həyatımızın əsas hissəsi, başlıca işimiz bu olmalıdır”.

OXŞAR XƏBƏRLƏR