Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən iş adamının 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində cinayət işini aparan müstəntiq Vüqar Abbasov dindirilib.
Vüqar Abbasov bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama göndərilib: "Rəhimi cinayət işinin istintaqı zamanı tanımışam. Hadisə olan vaxtı Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Hadisə noyabrın 8- də baş verdi. Bizə məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim. Ora çatanda hadisə yerini mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış elədim. Nömrə baqajdan çıxdı. Polislərdən soruşdum dedilər sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs gəldi. Dedi ki, hadisəni mən törətmişəm. Birinci meyiti morqa apardıq. Sonra ifadələri almağa getdim. Əmrullanı dindirdim. Onun yalan danışdığımı bildim. Dərhal cinayət işi açdım"
Şahid bildirib ki, işlə bağlı araşdırma zamanı Rəhim Rəhimov özü cinayəti etiraf edib.
Suallara cavab olaraq keçmiş müstəntiq qeyd edib ki, hadisədən xeyli sonra İdarəyə məlumat verilib: "Bizə gec demişdilər. Haradasa hadisədən bir saat sonra bizə deyildi. Mən hadisə yerinə gedən də artıq çox sayda polis vardı. 4 ədəd yol polis maşını hadisə yerindəydi. Təcili Yardım da gəlib getmişdi. Lakin meyiti aparmamışdılar. Meyiti mən aparmışam".
Vüqar Abbasov bildirib ki, hadisə şahidləri deyiblər ki, qəzanı cavan uşaq törədib: "Mən soruşsam da, həmin cavan oğlanı tapa bilmədik. Polis nəfəri də mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yoxdur. Lakin Əmrulla Şahbazov ortaya çıxanda dedi ki, hadisə yerində olub, qəzanı o törədib. Lakin Rəhim cinayəti etiraf edəndən sonra mənə ifadə verən zaman demişdi ki, polis əməkdaşları ona hadisə yerindən getməyi, sürücünü göndərməsini tapşırıblar. Lakin həmin polisləri tapa bilmədiyimizdən heç bir rəsmi bir addım ata bilmədik"
Müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisədən 20 gün sonra könüllü şəkildə istintaqa gələrək etiraf edib: "Birinci etiraf etmirdi, sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki, rəhbərliyə məruzə edilmişdi. Atası ilə bir neçə dəfə danışıq apardıq, bildirmişdik ki, Rəhimi gətirsin. Birinci gündən bu belə olub".
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib
Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.
R.Rəhimov ötən il noyabrın 29-da şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
///Lent.az-