Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
AZXEBER.COM Afət Musayevanın şəhidlərimizə həsr etdiyi şeiri təqdim edir:
Ey şəhid anası, sənin qarşındaDaim inildəyən ney səsiyəm mən.
Övlad müsibəti görən kəslərin
Ərşə bülənd olan naləsiyəm mən.
Kədərli üzünə baxa bilmirəm,
Sökür kotan kimi ürəyimi qəm.
Qırmızı xonçalı məzar önündə,
İlahi, başıma fırlanır aləm!
Sənin qurumayan göz yaşlarını
Titrəyən əlimlə qoy silim, ana.
Yanar ürəyinin atəşləriylə,
Yazıqdı, od vurma sən bu cahana!
Oğul böyütmüşdün palıd vüqarlı,
Şöhrəti sənindi, adı sənindi.
Vətəni göylərə ucaldan igid
Beş qarış torpağa sığınıb indi!...
O səni qorudu, məni qorudu,
Qorudu vətəni, qorudu xalqı.
Bu xalqı, Vətəni qoruduğundan
Vardır boynumuzda əbədi haqqı!
Əlimdən nə gəlsə, hazıram, ana,
Təkcə balanı sən soruşma məndən.
Çətin bu suala cavab verim mən,
Soruşsan ölərəm xəcalətimdən...