Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən baş nazirin müavini Bülənt Arınç Şırnak vilayətinin Uludərə bölgəsində Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində həlak olan 35 dinc sakinin ailəsinə təzminat ödəniləcəyini və hadisə ilə bağlı geniş araşdırmalara başlanıldığını bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə 6 saata yaxın davam edən Nazirlər Kabinetinin iclası gecə saatlarında başa çatıb.Bülənt Arınç Uludərə rayonundakı hadisənin sərhəddən kənarda baş verdiyini bəyan edib. O, sərhəddə bir qanun pozuntusu olması, sərhədi keçməyə çalışan bir qrup şəxsin silahlı olması haqqında məlumat alındığını bildirib. Bundan sonra pilotsuz təyyarə ilə təqib başlayıb və təqibin 4 saatlıq görüntüsü çəkilib. Baş nazirin müavini hərbçilərin atəş açmazdan əvvəl xəbərdarlıq etdiklərini də bildirib. Lakin xəbərdarlıq atəşinə məhəl qoymayan qaçaqmalçılara pilotsuz təyyarə ilə atəş açmağa qərar verilib.