Şəkidə qaynata gəlininə dəhşət yaşatdı

KRİMİNAL
13:10 01.04.2014
3889
Martın 29-da Şəkidə cinayət hadisəsi qeydə alınıb. Hadisə zamanı qaynata gəlinini kəsici alət olan dəhrə ilə qətlə yetirmək istəyib.
Şəki Rayon Prokurorluğundan Kanal S-ə verilən məlumata əsasən, hadisə zamanı Şəkinin Çapağan kənd sakini Hacağayev Yavər İsmayıl oğlu günorta saat 12 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının əsəb xəstəlikləri şöbəsində stasionar müalicə alan gəlini Hacağayeva Arzu Oqtay qızının yanına gəlib. Daha sonra o, palatada olarkən üzərində gizlətdiyi kəsici alət olan dəhrə ilə gəlininə bədən xəsarətləri yetirərək onu öldürməyə cəhd edib. Bu zaman xəstəxana işçiləri qışqırıq səslərini eşidərək xəsarət alan şəxsin köməyinə yetişiblər.
Xəstəxanadan verilən məlumata əsasən, xəsarət alan şəxs müalicə üçün paytaxt Bakıya göndərilib. Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, hadisəyə ilkin səbəb kimi qaynatanın gəlinin hərəkətlərindən şübhələnməsi və buna görə bu cinayətə əl atması olub. Faktla əlaqədar Şəki Rayon Prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Hadisə ilə əlaqədar Hacağayev Yavər şübhəli qismində saxlanılıb. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

OXŞAR XƏBƏRLƏR