Bir neçə gündür ətrafında qalmaqal yaşanan "Səkkiz" serialının yayımı bərpa olunub.
AZXEBER.COM xəbər verir ki, bu haqda serialın quruluşçu rejissoru aktyor Hikmət Rəhimov məlumat yayıb.
Onun sözlərinə görə, müraciətlərinə vaxtında və müsbət cavab verilib:
""Səkkiz" qayıtdı, yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz, həm də yaradıcı heyət adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq".
Serial bu həftənin şənbə günü yenidən ARB TV-də yayımını davam etdirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb.










































