Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Şəmkir rayonu çox böyük inkişafa imza atıb, rayonda genişmiqyaslı abadlıq quruculuq işləri aparılıb.
AZXEBER.COM xəbər verir ki, bu işlərin bir parçası olaraq uzun illərdir yararsız halda olan, istifadəsi mümkünsüz hala gəlmiş Şəmkir şəhərinin 5 küçəsində- Tofiq İsmayılov, İsmət Qayıbov, Məmməd Əsədov, Mirzə Fətəli Axundov və Həsən Əliyev küçələrində geniş miqyaslı təmir-bərpa işlərinə başlanılıb, yeni asfalt örtüyü çəkilir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhərdə yeni asfalt vurulan küçəsində, eləcə də abadlıq işləri aparılan ərazilərdə olub.
İcra başçısına bildirilib ki, yol çəkilişi müasir standartlara uyğun şəkildə aparılır, yolun kənarlarında səkilər təmir olunur, kanalizasiya və su xətləri yenilənir.
Yeni yol çəkilişi ilə tanış olduqdan sonra icra başçısı şəhərin mərkəzi küçələrində aparılan təmir-bərpa, yeniləmə işləri ilə də tanış olub. İcra başçısına bildirilib ki, Şəhərin mərkəzi küçələrinin divar örtükləri yenilənir, küçələrdə tarixini söykənən izlər saxlanılmaqla bərpa, rənglənmə işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra divarlara yeni üzlüklər vurulacaq.
Rayon rəhbəri görülən bütün işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Şəmkirdə aparılan quruculuq işləri rayon sakinləri tərəfindən də razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.