Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Şəmkirdə şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələr diqqət mərkəzində saxlanılır.
AZXEBER.COM xəbər verir ki, COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin #BizBirlikəGüclüyük çağırışına şəmkirlilər tərəfindən böyük dəstək var.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda başladılan "Əl-Ələ Verək, Dəstək Olaq” layihəsinə qoşulmaq istəyənlərin sayı hər gün artmaqda davam edir.
Bu günə qədər Şəmkirdə 10 min 240 aztəminatlı ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərilib.
Rayonun yerli iş adamları, sahibkarları, Rusiyada yaşayan, çalışan imkanlı şəxsləri də aztəminatlı ailələrə yardım kampaniyasına qoşulur, ehtiyacı olan ailələrə dəstək göstərirlər.
Hər ərzaq paketinə 25 və ya 50 kq un, düyü, makaron, vermeşil, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz,çörək, və ət məhsulları daxil edilib.
Ərzaq bağlamaları könüllülərin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanılır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.
Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Şəmkirdə də karantin rejiminin tələblərinə ciddi əməl olunur.