Ölkənin müxtəlif bölgələrində sənədsiz evlərlə bağlı problem uzun illərdir öz həllini gözləyir.
Xüsusilə yaşayış üçün istifadə olunan, lakin hüquqi baxımdan rəsmiləşdirilməyən evlərin sahibləri əmlaklarını sənədləşdirməkdə ciddi çətinliklərlə üzləşirlər. Bu isə həmin şəxslərin evlərini satması, vərəsəlik məsələlərini həll etməsi və əmlak üzərində hüquqlarını tam şəkildə rəsmiləşdirməsinə mane olur.
Sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı zaman-zaman müxtəlif addımlar atılsa da, problemin tam həlli hələ də aktual olaraq qalır.
Bəs sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində konkret addımlar nə vaxt atılacaq və bu prosesin tam həlli üçün hansı müddət nəzərdə tutulur?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, sənədsiz evlərlə bağlı problemin yenidən gündəmə gətirilməsinə ehtiyac var:
"Açığı, bu istiqamətdə bir suala cavab vermək bizim üçün də çətindir. Bir vaxt bu məsələ həllini tapdı, sonradan dayandı. Ümid edirəm ki, bu məsələ yenidən qayıdacaq və sənədsiz evlərlə bağlı qeyri-müəyyənlik ortadan qalxacaq. Qalxmalıdır”.

Deputat qeyd edib ki, müəyyən kateqoriyaya aid ərazilərdə sənədsiz evlərin rəsmiləşdirilməsi üçün sadələşdirilmiş mexanizmlər tətbiq oluna bilər:
"Yəni kommunikasiya xətlərinin üstündə olmayan, kənd təsərrüfatı təyinatlı, real kənd təsərrüfatı təyinatlı torpaqların üzərində olan yerlərə, məncə, asanlaşdırılma variantına getmək mümkündür. Bu istiqamətdə addımlar atılmalıdır. Biz bu istiqamətdə müəyyən işlərin görülməsinin tərəfdarıyıq və çalışırıq ki, bu tezliklə həll olunsun”.
Fəridə Əsədzadə








































