"Bəlli olduğu kimi, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsiylə bağlı bütün hüquqi prosedurlar Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapıb. Bunun ətrafında əlavə fikir söyləməyə, müzakirə açmağa ehtiyac yoxdur".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Parlamentin buraxılmasından və yeni seçkilərin keçirilməsindən danışarkən deyib.
Millət vəkili əlavə edib ki, seçkilərin keçirilməsi üçün əvvəlcə YAP Milli Məclisə müraciət etdi və bütün məsələlər müzakirə olunaraq Prezidentə təqdim olundu:
"Milli Məclisə YAP-ın müraciəti və Milli Məclis tərəfindən bunun geniş müzakirə olunaraq cənab Prezidentə təqdim olunması, daha sonra İlham Əliyevin Milli Məclisə müraciətinin Azərbaycan Konstitusiyasının tələblərinə nə dərəcədə uyğun olub-olmamasıyla əlaqədar müraciətə də aydınlıq gəldi. Cənab Prezident Azərbaycan Respublikasının Konstitusiyasının qərarını əsas götürərək sentyabr ayının 1-də növbədənkənar Parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı".
Deputat AXCP sədri Əli Kərimlinin seçkiylə bağlı fikirlərini birmənalı şəkildə qınayıb və onun çıxışını gülünc yanaşma adlandırıb:
"Bütün atılan addımlar Azərbaycanın qanunvericilik aktlarına və Konstitusiyanın müddəalarına tamamilə uyğundur. Bu baxımdan, radikal müxalifət lupayla kiçik addımda belə nə qədər araşdırma aparsa da, heç nə tapa bilmədi. Bu gün radikal müxalifətin önündə gedən Əli Kərimli artıq başqa bəhanə tapa bilməyib, seçkilərin məhz sentyabrda keçirilməsinin məqsədəuyğun olmadığını əsaslandırmağa çalışır. Olduqca gülünc, əsası olmayan, qeydi-ciddi bir yanaşmadır. Əvvəla, sentyabr çox sərin bir aydır. Qızmar günəş insanları yandırmır. İkinci bir tərəfdən, vətəndaşlarımız adətən özünün yay məzuniyyətini iyul-avqust aylarında həyata keçirirlər. Sentyabr ayında hər kəs evlərinə qayıdır. Övladları məktəbə gedən valideynlər buna hazırlaşır, ayrı-ayrı sahələrdə çalışan insanlar artıq istirahətdən sonra yeni bir enerji ilə fəaliyyətini davam etdirir. Cəmiyyət də öz qaydasında yaşayır və dünyanın istənilən yerində istənilən müddətdə seçki keçirmək tamamilə məqbuldur. Çünki elə bir kriteriya yoxdur ki, hökmən həmin ayda seçkilər keçirilsin. Hər bir ölkənin səciyyəvi xüsusiyyətlərinə, çağırışlarına, durumuna və seçkilərlə bağlı yaranmış ölkədaxili vəziyyət araşdırılandan sonra dəqiq vaxt müəyyənləşdirilir və seçkilər keçirilib".
Millət vəkili qeyd edib ki, radikal müxalifət hər dəfə seçkilərdə məğlub olduğuna görə bu cür çirkin əməllərə əl atırlar:
"Bu baxımdan, ən uğurlu, məqsədəuğun vaxt təyin olundu və artıq burada hər hansı tənqidi fikirlər söyləmək üçün heç bir əsas yoxdur. Bir qayda olaraq radikal müxalifət cəmiyyətdə dayaqlarını itirdiyinə və olmadığına görə istənilən seçkilərdə məğlubiyyətlə üzləşdiyinə və məğlub olduqlarını dərk edərək seçkilərdə iştirak etmirlər. Bunlar illərdir ki, boykot taktikasını əsas götürərək istifadə edirlər. Boykot taktikası da heç bir effekt vermir. Yəni, söz yığınından başqa bir şey deyil. Öz zəifliklərini, imkansızlıqlarını, nüfuzlarının və etimadlarının olmamasını pərdələmək üçün seçkilərdə belə addımlar atırlar. Mən əminəm ki, hər zaman olduğu kimi sentyabrda xalqımız bütün siyasi fəallığını ortaya qoyacaq, seçkilər tam azad, şəffaf, demokratik, Azərbaycan qanunları çərçivəsində keçiriləcək. Xalqımızın qırılmaz iradəsiylə inam və etimad göstərdiyi namizədlər mandat alıb 7-ci çağırış Parlamenti formalaşacaq və bu Parlament növbəti illər üçün xalqımıza və millətimizə şərəflə xidmət edəcək".
Mikayıl Mirzəzadə