Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir. "Mərkəzin məlumatlarında deyilir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri "Qüds" qüvvələri ona qarşı pozucu fəaliyyətlə məşğul olub. İranın məqsədi Azərbaycanda destabilizasiya yaratmaq, onun hakimiyyətinə təzyiq göstərmək və ölkənin dünyəvi xarakterini dəyişdirmək, habelə qərbyönümlü oriyentasiyasını dəyişdirmək və İsraillə yaxın münasibətlərinə zərər vurmaqdır", - "The Middle East Monitor" bildirir.
Qeyd edilir ki, Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri 1993-cü ildən fəaliyyətdə olan, İran tərəfindən maliyyələşdirilən "Azəri Hizbullah" və 1995-ci ildə yaradılan, Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planlaşdıran "Ceyşullah" yaradıblar.
"Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz ərazisində böyük sayda azərbaycanlıların yaşamasına görə daxili işlərinə təhdid kimi dəyərləndirir. Bakı ilə əlaqələr saxlamaqla bərabər İran Azərbaycanın qatı düşməni olan Ermənistana daha çox meylli hesab edilir. Məhz bu səbəbdən İran bilir ki, bir vaxtlar Fars imperiyasının və Qacar şah İranının bir hissəsi olmuş qonşularına münasibətdə ehtiyatlı davranmalıdır. İran artıq Türkiyə və Rusiyanın iştirakı ilə ötən ilin payızında Qarabağdakı müharibənin dayandırılması razılaşması baxımından ən çox uduzan tərəf kimi nəzərdən keçirilib. Bununla belə İsrailin Azərbaycanla getdikcə artan yaxınlığı İranda narahatlıq yaradır, ötən həftənin əvvəli İran qəti şəkildə bildirdi ki, regionda hər hansı geosiyasi dəyişikliyə imkan verməyəcək",-ərəb nəşri qeyd edir.
Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya "Müqavimət oxu" çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.
"Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma "Hüseynçilər"in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var", - məqalədə deyilir.