Xəbər verdiyimiz kimi "Caliber" Ermənistanın gözlənilən təxribatı ilə bağlı məlumat yayıb. Məlumatda Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması təsdiqlənir.
Qeyd edək ki, bu proses artıq bir neçə gündür davam edir. Davamlı olaraq Ermənistanın təxribatçı əməlləri barədə görüntülər yayılır. Ermənistan Azərbaycanla sərhədə ağır texnika daşıyır.
Bəs Ermənistanın Azərbaycana qarşı hərbi təxribat hazırlığı necə şərh edilir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki, düşmən öz mənfur niyyətini davam etdirir:
"44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın illərdən bəri millitarist mahiyyət daşıyan ordu quruculuğunu darmadağın etdi. İndi hansı gücü ilə Ermənistan Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara başlıyacaq?! Belə bir şey olarsa, bu onların sonunu gətirəcək. Görünür, proses buna doğru gedir. Separatçı rejimin tamamilə məhv edilməsi an məsələsidir. İlk növbədə qanunsuz silahlı dəstələr tərk-silah edilməlidir. Onlar təslim olmasalar, Azərbaycan Ordusunun əməliyyatı ilə məhv ediləcəklər. Müqavimət göstərib, cinayətə əl atan şəxslər isə Azərbaycan qanunları ilə istintaqa cəlb ediləcək”.
![](https://azxeber.com/file/pic/xeber/2023-09/1694426784_425886.jpg)
Deputat qeyd edib ki, Azərbaycanın qanunları qarşısında geri çəkilmək istəmirsə, son hədəf antiterror əməliyyatları olacaq:
"Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazişinin imzalanması prosesini pozmağa çalışır. Əslində, ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir. Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir. Həmçinin onlar ermənilərin bizim cəmiyyətə reintiqrasiyanın reallaşmasına əngəl olmaq istəyirlər”.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hərbi ekspert, polkovnik Şair Ramaldanovun sözlərinə görə ermənilər sülh müqaviləsindən yayınmaq üçün bu cür yollara əl atmaq məcburiyyətində qalırlar:
"Müharibə davam edir. Atəşkəs rejimi müharibənin bitməsi demək deyil. Təxribatlar davam edir, burada təəccüblü heç nə yoxdur. Son zamanlar gərginliyin artması Ermənistanın siyasi yolla hədəflərinə nail ola bilməməsi ilə əlaqəlidir. Sülh müqaviləsindən yayınmaq üçün bu cür yollara əl atmaq məcburiyyətində qalırlar.
Çünki Ermənistan Moskva, Brüssel demək olar ki, bütün platformalarda dalana dirənib.
Ermənistan və havadarları danışıqlardan sonra təxribata əl atırlar. Nəticədə danışıqların əhəmiyyəti və təsiri itir. Bu prinsiplə sülhə gedən yollara əngəl törədirlər. Son zamanlar Azərbaycana təzyiq imkanları olmadığı üçün "Tır şousu” yaratdılar. Azərbaycan diplomatiyası düşmənin, erməni siyasi rəhbərliyinin iç üzünü açıq-aydın göstərə bilir. Ermənistan və onun havadarları sülh müqaviləsinin təsirini azaltmaq, sülhdən qaçmaq üçün təxribatın coğrafiyasını genişləndirir. Azərbaycan Ordusu təxribatlara cavab verərək, qarşısını alır, bundan sonra da alacaq”.
![](https://azxeber.com/file/pic/xeber/2023-09/1694426809_6592311.jpg)
Şair Ramaldanov hesab edir ki, Rusiyaya qarşı olan qüvvələr-ABŞ və Qərb Ermənistandan istifadə edərək, vəziyyəti gərginləşdirirlər:
"Ermənistanda Rusiyaya qarşı etiraz prosesini gücləndirirlər. Yenidən atəşkəsin pozulmasında Rusiyanı günahlandırıb, göstərməyə çalışırlar ki, Rusiya heç nə edə bilmir. Bu kompaniya Rusiyaya qarşı olan proseslərdir. Burada nə Ermənistanın gələcəyi, nə də erməni xalqı haqqında düşünülür. Azərbaycan hərbi texnika, ordunun gücü, haqq işi baxımdan Ermənistanla müqayisə oluna bilməz. Ona görə də biz bunu təxribatları soyuqqanlılıqla qarşılamalıyıq. Mən deməzdim ki, hazırda Ermənistan çox güclü silahlarla silahlandırılır. Azərbaycanın güc vasitələrinin, iradəsinin olması bizi bu məsələdə çox da narahat etmir”.
Hərbi ekspertin fikrincə, böyük problem üçtərəfli bəyannamənin dördüncü bəndidir:
"Yəni, Qarabağ iqtisadi rayonunda qanunsuz terrorçuların tərk silah edilməsidir. Azərbaycan buna çox göz yuma bilməz, bu prosesi daha da uzada bilmərik. Terrorçular tərk-silah edilməli, Xankəndidə Azərbaycanın bayrağı dalğalanmalıdır. Orada Azərbaycan qanunları işləməlidir. Bunun üçün zaman çatıb”.
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə qarşı cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
![](https://azxeber.com/file/pic/xeber/2023-09/1694426646_thumb-1.jpg)