Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları barəsində davam etdirilən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıblar.
Qeyd edək ki, bu şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə təqsirli biliniblər. Məhkəmə qərarı Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə ədalətin bərpası istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.
Azərbaycan həm öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, həm də ağır cinayətlərdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etməklə tarixi ədalətin bərpasına nail oldu.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu xalqımızın üçüncü qələbəsidir:
"Mən həmişə demişəm ki, məhkəmə hakimiyyəti insanlıq əleyhinə, sülh əleyhinə və müharibə cinayətləri törətmiş bu şəxslərə layiqli cəza verəcək. Bu xalqımızın üçüncü qələbəsidir. Yəni biz 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizi işğalçılardan azad etdik, ardınca separatizmin kökünü kəsmək üçün bir günlük antiterror əməliyyatı keçirdik və separatizm tamamilə ləğv olundu. Azərbaycanın konstitusion hüquqları və suverenliyi bərpa edildikdən sonra isə üçüncü mərhələ bu şəxslərin həbs olunaraq layiqli cəza almaları idi. Artıq biz bunun da şahidi oluruq – həmin şəxslərə müxtəlif cəzalar verilir”.
O söyləyib ki, bu şəxslərə layiqli cəzanın verilməsi xalqımızın narahatlığına son qoydu:
"Araik başda olmaqla digərlərinə ömürlük həbs cəzasının verilməsi həm xalqımızın narahatlığına son qoydu, həm də şəhidlərimizin ruhu rahatlıq tapdı. Çünki onların qanı yerdə qalmadı.
Onlar döyüşdüyü torpaqlar azad olunduğu kimi, xalqımıza qarşı cinayət törətmiş şəxslərin də məhkəməsi keçirildi və onlara ədalətli cəza verildi”.
Çingiz Qənizadə vurğulayıb ki, məhkəmə prosesi açıq, şəffaf və prosessual hüquq normalarına tam uyğun şəkildə keçirildi:
"Sözügedən hadisə bir daha sübut etdi ki, biz Azərbaycan xalqı olaraq torpağımıza və millətimizə qarşı vuruşan cinayətkar insanlara layiqli cəza verməyə qadir bir dövlətik. Məhkəmə prosesi açıq, şəffaf və prosessual hüquq normalarına tam uyğun şəkildə keçirildi. Xaricdən bu prosesi izləyən və bu cinayətkarların azad olunmasına çalışan bəzi qurumlar, şəxslər belə, məhkəmənin ədalətli və obyektiv aparılmaması ilə bağlı heç bir əsaslı irad tapa bilmədilər. Bu da ədliyyə və ədalət mühakiməsi sistemimizin növbəti qələbəsidir”.
Şahanə Ziyad









































