Müəllimlərin əməkhaqlarının sertifikasiya nəticələrinə uyğun olaraq yenidən tənzimlənməsi təklif olunur. Mövcud qaydalara əsasən, sertifikasiya imtahanında 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51-60 bal aralığında nəticə göstərənlərin isə 35 faiz artım tətbiq edilir. Lakin deputat Vüqar Bayramov bildirib ki, sistemdə uyğunsuzluqlar mövcuddur: 48-50 bal toplayanlar 10 faiz artım aldığı halda, cəmi 1 bal çox -51 bal toplayan müəllimlərdə artım birdən-birə 35 faizə yüksəlir. Bu isə qiymətləndirmədə kəskin fərq yaradır.
Təhsil eksperti Rizvan Fikrətoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, son dövrlərdə müəllimlərin əməkhaqqı mexanizmi ilə bağlı müzakirələr daha çox aktuallaşıb:
"Son dövrlərdə müəllimlərin sertifikatlaşdırılması və əmək mexanizmi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Mövcud qaydalara görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı topladıqları bala uyğun olaraq artırılır. Bu yanaşma ümumilikdə ədalətli görünsə də, tətbiq mexanizmində ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki, 50 bal toplayan müəllimin maaşı cəmi 10% artırıldığı halda, 51 bal toplayan müəllim üçün bu artım birdən-birə 35%-ə yüksəlir. Cəmi 1 ballıq fərqin bu qədər kəskin maaş fərqi yaratması müəyyən suallar doğurur. Bu isə göstərir ki, sistemdə kəskin keçidlər mövcuddur və qiymətləndirmə daha mərhələli, balanslı şəkildə qurula bilər. Beynəlxalq təcrübədə də nəticəyə uyğun artımın daha çevik və ardıcıl tətbiqi üstün hesab olunur”.
Təhsil eksperti vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlər üçün əlavə motivasiya mexanizmləri də gücləndirilməlidir:
"Maaş artımı interval üzrə daha yumşaq keçidlərlə tətbiq olunmalıdır. Yüksək nəticə göstərən müəllimlər üçün əlavə motivasiya mexanizmləri də gücləndirilməlidir. Sertifikasiya yalnız imtahan nəticəsinə deyil, eyni zamanda müəllimin pedaqoji fəaliyyətinin digər göstəricilərinə də əsaslanmalıdır. Sertifikasiya islahatı müsbət addım olsa da, onun effektivliyi tətbiq mexanizminin nə dərəcədə ədalətli və çevik qurulmasından asılıdır. Bu baxımdan, beynəlxalq təcrübənin nəzərə alınması vacibdir və bu yanaşma nə qədər geniş tətbiq olunarsa, bir o qədər səmərəli nəticə verə bilər”.
Şahanə Ziyad










































