ŞƏT-ə üzvlüyə vetonun qoyulmasının arxasından da Rusiya çıxdı - Hindistanı qabağa verib...

ŞƏT-ə üzvlüyə vetonun qoyulmasının arxasından da Rusiya çıxdı - Hindistanı qabağa verib...
18:18 05.09.2025
668
Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.
 
Bu barədə APA diplomatik mənbələrdən məlumat əldə edib.
 
Belə ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub və müvafiq razılığa gəlinib.
 
Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda qalıb.
 
Rusiyanın Azərbaycana qarşı bu dəfə Hindistanı əlaltı etməsi nəyə işarədir?
 
"Şimal Ayı"sı ölkəmizin beynəlxalq əlaqələrinə də qarışmaq istəyir, yaxud beynəlxalq təşkilatlarda təmsil olunmağımızın qarşısını alır?  
 
Məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib.

 O bildirib ki, Rusiyanın etdiyi neqativ nümunədir, amma unutmasın ki, Azərbaycanın da onu pis vəziyyətə sala bilən imkanları var:

 
"Düşüncəm budur ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması və mövcud narazılıqların da sivil yollarla, danışıqlar vasitəsilə həlli ən məqbul variantdır. Əgər Rusiya Hindistan dövləti ilə razılaşaraq onların əli ilə Azərbaycanın ŞƏT üzvlüyünə maneçilik edibsə, bu çox neqativ nümunədir. Çünki Azərbaycanın da beynəlxalq təşkilatlarda və fəaliyyətlərində Rusiyanı pis vəziyyətə salan imkanları və əsası yarana bilər. Bu da, etiraf edək ki, nə Azərbaycana, nə də Rusiyaya lazımdır".
 
Deputat qeyd edib ki, Rusiyanın Azərbaycanla münasibətləri pisləşdirməsi onun regiondakı əsas maraqları üçün böyük ziyandır:

"Bu dediklərimi nəzərə alaraq qeyd etmək istərdim ki, Rusiya Ukrayna torpaqlarını işğal etdiyi üçün çox az dövlətlə isti münasibətlərə malikdir. Onun üçün də Azərbaycanla da münasibətlərin gərginləşməsi Rusiyanın regionda olan iqtisadi və geopolitik maraqları üçün də ziyandır. Bu baxımdan, iki ölkə arasında münasibətlərin korlanmasına yox, istiləşməsinə yönəlik addımlar atılmalıdır. Ümid edirəm ki, Rusiyanın siyasi elitasında olan müdrik adamlar bunu dəyərləndirəcək və Azərbaycana qarşı doğru və dürüst addımlar atılacaq".
 
Mövzu ilə əlaqədar AZXEBER.COM-a siyasi şərhçi Zaur İbrahimli danışıb.

O bildirib ki, Azərbaycanın ŞƏT üzvlüyünə Hindistanın veto qoymasında Rusiyanın ciddi təsirləri olub:

 
"Azərbaycanın ŞƏT üzvlüyünə Hindistanın veto qoymasının Rusiya təsiri ilə əlaqələndirilməsinin ciddi əsasları var. Bununla bağlı heç bir vaxt hər hansı rəsmi sübut göstərmək mümkün deyil. Lakin obyektiv təhlil və rasional analiz deməyə əsas verir ki, Azərbaycan Çin tərəfindən ŞƏT üzvlüyünə dəvət olunmuşdu və son sammitə Çin sədrlik edirdi. Çin ŞƏT-də nüfuzlu ölkələrin və Mərkəz Asiya, nəqliyyat kommunikasiyalarının keçdiyi bölgələri təmsil edən dövlətlərin təmsil olunmasını istəyirdi. Azərbaycan Prezidentinin xüsusi diqqətlə qarşılanması, Çin sədri Si Cin Pinlə danışıqlarda onun sözləri, ifadələri və münasibəti bir daha göstərdi ki, rəsmi Pekin Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməkdə maraqlıdır".
 
Siyasi şərhçi qeyd edib ki, Rusiya Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfüzunun artmasını həzm edə bilmir:

"Azərbaycan Cənubi Qafqazda Pekinin əsas tərəfdaşı kimi nəzərdən keçirilir. Çin nəqliyyat-kommunikasiya layihələrinin inkişaf etdirilməsində Azərbaycanı əsas tərəfdaşı kimi görür. Azərbaycan bu layihələrin inkişaf etdirilməsində, Orta dəhlizin səmərəliliyinin artırılmasında, həmçinin Zəngəzur dəhlizinin açılılması ilə əlavə imkanlar yaradılmasında həm investisiya cəlb edilməsini artıran və eyni zamanda bu sahədə böyük təcrübəyə malik olan tərəfdaş kimi dəyərləndirilir. Bu və digər xüsusiyyətlər, xüsusən Azərbaycanın son vaxtlar artan beynəlxalq nüfuzu, beynəlxalq münasibətlərdə oynadığı fəal rol rəsmi Pekin üçün ölkəmizin inkişafını arzu olunan edir. Rusiya Azərbaycanın uğurlarını həzm edə bilir. Bütün bunlar Rusiyaya imkan yaradır ki, Azərbaycana qarşı çirkin oyunlara əl atsın. Azərbaycanın beynəlxalq aləmdə irəli getməsinə mane olsun, eyni zamanda ölkəmizin vacib beynəlxalq təşkilatlarda təmsil olunmasını əngəlləsin".

Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR