İran dövlət televiziyası Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyində çalışan jurnalistlərin ötən gecə deportasiya edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran dövlət televiziyasında çalışan 4 jurnalist ötən həftə Məscid-i Nəbəvidə çəkiliş apararkən saxlanılıb və bir neçə saatlıq sorğu-sualdan sonra Mədinədəki təcridxanaya aparılıb.
Bildirilib ki, iki gün sonra Səudiyyə polisi iranlı zəvvarların qaldığı oteldə dini mərasimdə iştirak etmək istəyən iki dövlət televiziyasının müxbirini də saxlayıb.
İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyində çalışan Səlim Qaffuri, Şefii Şulekar, Mehdi Mueyyidi, Mehdi Əmiri, Purya Süleymanzadə və Əli Rıza Taban adlı jurnalistlər Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə dünən axşam saatlarında deportasiya edilib.
İranın Radio və Televiziya Qurumunun (İRİB) prezidenti Peyman Cebelli ilk olaraq Dubaya göndərilən və bu gün səhər Tehrana çatan jurnalistləri salamlayaraq jurnalistlərin saxlanması və deportasiya edilməsinin səbəbləri barədə ona məlumat verilmədiyini deyib.
Cebelli məsələ ilə bağlı hüquqi təşəbbüslərə başlanılacağını bildirib.
Gülay