Zahirən sakit xarici görünüşə malik olan populyar müğənni Sevda Yəhyayeva boş dayanmır. Bir-birinin ardınca konsertlər verən, kliplər çəkdirən, mahnılar yazdıran müğənni yeni mahnı yazdırıb.
İfaçı açıqlamasında "Sevənlərin ulduzları" adlı mahnını artıq ekranlaşdırmaq qərarına gəldiyini söyləyib. Ceyhun Əliyevin müəllifi olduğu mahnının klip çəkilişləri Gürcüstanda aparılacaq. Klipi əcnəbi rejissor ekranlaşdıracaq. Sevda Yəhyayeva "Sevənlərin ulduzları" klipini sentyabr ayında tamaşaçıların ixtiyarına verəcək.
Müğənnidən daha bir xəbər albomla bağlıdır. Sevda 3-lü albom buraxdıracaq. Albom Heydər Əliyev Sarayında baş tutan "Tut əlimdən" konsertinin videoyazısından, kliplərdən və ifaçının bütün mahnıları daxil edilmiş 3 diskdən ibarət olacaq.
Sevda Yəhyayevanın "Aysel" jurnalı üçün etdirdiyi çox maraqlı fotosessiyanı isə yaxın zamanlarla oxucularımıza təqdim edəcəyik.