Onun yaşında xanımlar sevdiyi insan, onun xarakteri, müsbət, mənfi cəhətləri haqqında saatlarla danışa bilərlər. Amma Sevda fərqlidir. O, hər şeyin sirli qalmasının tərəfdarıdır. Sevgi barədə sual verəndə isə yalnız bunları deyir: "Hər şey yaxşıdır. Bir xanım kimi çox xoşbəxtəm, sevdiyim, sevildiyim insan var. Xoşbəxtəm". Bir də onun yaşındakı qızlar tez zamanda ailə qurmaq, bəyaz gəlinlik geyinmək xəyalı ilə yaşayırlar. Sevda isə tələsmir, çünki buna öz səbəbləri var.
-Adətən yay fəsli başlamamış hamar qaralmış dərinlə çoxlarının qısqanclığına səbəb olurdun. Amma bu yay ağ qalmısan.
-Düzdür, ağca qız olmuşam (gülür-red.). Çox təəssüf ki, hamı kimi mən də rahat çimərlik geyimində dəniz kənarında qarala bilmirəm. Çünki fotoşəkillərimin sosial şəbəkələrdə meydana gəlməsindən ehtiyatlanıram. Ona görə də adətən solyariumda qaralıram, ancaq o da dəriyə zərərli olduğundan bu yay ondan imtina etdim, gözüm qorxdu. Amma buna baxmayaraq qaydalar onları pozmaq üçündür, yenə solyariumda qaralacağam. Məndə bəzən hər şey əksinə olur, camaat ağarır, mənsə qaralıram.
-Jurnalımız üçün fərqli obrazlarda çəkildin, hansını çox bəyəndin?
-İlk dəfə idi ki, stilist Samirlə işləyirdim, o çox maraqlı və ekstravaqant stilistdir. Aygün xanıma da fərqli saçdüzümləri elədi. 9-10 saat ərzində beş obraz yaratdıq. Heç yorulmadım, baxmayaraq ki, gecə 3-4 saat yatmışam, studiyada mahnı yazdırırdım. Amma çox xoşum gəldi, heç yorğunluq hiss eləmədim. Bu da ondan irəli gəlir ki, çalışdığım insanların auraları çox müsbətdir, işləri insanı qane edir. İnanıram ki, fotosessiyanı oxucular çox bəyənəcək.
-İşin elədir ki, dekorativ kosmetikadan çox istifadə etmək məcburiyyətindəsən, bu da öz növbəsində dəriyə zərərlidir. Təbii gözəlliyini qorumaq üçün nə isə edirsən?
-Heç nə eləmirəm. Əslində, eləmək lazımdır, o barədə bir az tənbələm, maskalardan çox az hallarda istifadə edirəm. Üzümüz hər gün 7-9 saat qrimdə olur, dərim nəfəs almır. Bir ara maskalar almışdım, mütəmadi istifadə edirdim, sonradan tənbəlləşdim (gülür-red.). Amma makiyajı mütləq yatmamışdan əvvəl silirəm.
-Ən çox sevdiyin kosmetik vasitə hansıdır?
-Tonal krem və kirşan, bir də dodaq boyası. Pomadada təbii çalarlara üstünlük verirəm. Çox gözə çarpan rəngləri sevmirəm, amma məcburiyyət qarşısında istifadə edirəm. Gündəlik makiyajımı özüm edirəm, amma konsert, toy, tədbirə gedəndə stilistə, vizajistə müraciət edirəm. Çünki insanlar qonorar verib çağırırlarsa, bizi gözəl görmək istəyir.
-Geyimlərin getdikcə miniləşir…
-Əslində, fikirləşirəm ki, hər şey qədərində gözəl olur. Əgər mənə qısa paltar yaraşırsa, niyə də ondan istifadə etməyim. Yaraşmasa, gülməli görünərsə, geyinmərəm. Təvazökarlıqdan uzaq olsun, mini paltarlarda özümü rahat hiss edirəm. Düşünürəm ki, nə qədər gəncəm geyinə bilərəm, yaş ötəndən sonra müəyyən dəyişiklik olacaq. O vaxta çox qalıb (gülür-red.).
-Yuxusuzluq gün ərzində əhval-ruhiyyənə necə təsir edir?
-Çox pis, bəzən fürsət axtarıram 15 dəqiqə yatım. Adətən çalışıram normal yuxu yatım. Hazırda gec yatıram, Olimpiya oyunlarını böyük maraqla izləyirəm, xüsusilə bizim idmançılar çıxış edəndə. Onlar qalib gələndə, elə bilirəm mən qalib gəlirəm.
-Bəs sən hansısa idman növü ilə məşğul olursan?
-Əvvəllər fitneslə məşğul olurdum, hazırda rəqqasə Nailə xanımın yanına gedirəm, mənə rəqs eləməyi öyrədir. Rəqsdən qabaq idman hərəkətləri edirəm.
-Bu fikir «Tut əlimdən» klipi ilə başlamadı ki?
-Düzdür, onunla başladı, konsertlə də davam etdi.
-Sevda, məncə, sevgidən danışmağın tam zamanıdır.
-Hər şey yaxşıdır. Bir xanım kimi çox xoşbəxtəm, sevdiyim, sevildiyim insan var. Xoşbəxtəm.
-Tam xoşbəxtlik üçün məncə, ailə qurmaq da şərtdir?
-Hər şey daha da gözəl olacaq. Həyatımdan, şəxsi həyatımdan, işimdən razı olduğum üçün deyə bilərəm ki, tam xoşbəxtəm. Həyatdan istəklərim elə də böyük deyil, balaca şeylər də məni xoşbəxt edə bilər.
-Məsələn, nə kimi?
-(Gülür-red.) Çətin sualdır. Bir mahnı yazdırıb radiolara verirəm. Onun yaxşı xəbərini eşidəndə xoşbəxt oluram. İşlərim uğurlu olanda özümü yaxşı hiss edirəm, çünki bir hissəm işimdir.
-Pis əhval-ruhiyyədə olanda kiminlə bölüşürsən?
-Heç kimlə. Həmin anda heç kimlə paylaşmıram, özüm-özümü sakitləşdirirəm, kiminsə qanını qaraltmaq istəmirəm. Əsəbi vaxtımda tək qalıram.
-Hansı çətin işin öhdəsindən gəlmisən?
-Riski sevən insanam, Heydər Əliyev adına sarayda konsert verməyim böyük riks idi. Hətta dedilər ki, heç nədən qorxmadan böyük məsuliyyətin altına girdin, yaxşı da çıxdın. Fikirləşirəm ki, insan özünə inanmalıdır, öz gücünə güvənərsə, istədiyi hər şeyi əldə edə bilər. Bu barədə özümə inanıram. Nəyə qadir ola bilərəm və nəyə qadirəm bunları çox yaxşı bilirəm.
Rafet El Romanla konsertdə duet ifa elədik, bunu konsertin təşkilatçısı təşkil etmişdi. Duetlər ekspromt oldu, onunla heç məşq etməmişdik. Nə baş verdisə orada oldu. Maraqlı işlər eləmək yaxşıdır, amma xarici ifaçıyla duet oxumaq düşünürəm ki, mənə heç nə verməyəcək. Çünki sonradan dueti başqa yerdə, konsertdə, tədbirdə ifa edə bilməyəcəyik. Ona görə duetlərə çox yer vermirəm. Düşünürəm ancaq solo ifa olmalıdır. Payız aylarına maraqlı proyektlərim var.