İKİ KƏLMƏ
Budaqdan qopmayan son yarpaq təkin
Ümidim sözündən asıla qalıb.
Deyə biləcəyin iki kəlmənin
Biri ürəyimi qorxuya salıb.
“Hə” desən, göylərə qaldıracaqsan,
“Yox” sözün daşlara çırpacaq məni.
“Hə” desən, bir ocaq yandıracaqsan,
“Yox”un əqrəb olub çalacaq məni.
“Hə” desən, elə de, qulağım doysun,
Qəlbim dolub daşsın məhəbbətindən.
“Yox” desən, elə de, kökündən vursun,
Yaşaya bilmərəm bu ağrıda mən.
Qulağım əsirdir iki kəlməyə -
Hakimin bu qədər hökmü olmayıb!
Qorxuram, qəlbinə insaf gəlməyə,
Daha gözləməyə gücüm qalmayıb...
Ya “hə” de, sevindir intizarımı,
Bütün ağrıları atım, unudum.
Ya “yox” de –
geyinim qəm paltarımı,
Oturub qəlbimin yasını tutum...
EŞQ SƏNDƏN SORUŞMAZ...
Eşq səndən soruşmaz, gəlsin, gəlməsin –
İçəridən döyər könül qapını.
Bir də görərsən ki, titrəyir səsin,
Duyğular çöhrənə vurur qanını.
Eşq səndən soruşmaz, neçədir yaşın,
Varmı yol yoldaşın, ömür yoldaşın.
Bir də görərsən ki, dolanır başın,
Dolaşıq salmısan öz ünvanını.
Eşq səndən soruşmaz, nə axtarırsan,
Kimi ömrün boyu soraqlayırsan.
Bir də görərsən ki, artıq tapmısan
Arzunda yaşayan nadir qadını.
Eşq səndən soruşmaz, xoşbəxtsənmi sən,
Ya verdiyi paydan məmnun deyilsən.
Bir də görərsən ki, sehirlənmisən –
Dərd alıb, vermisən eşqə canını...
Sədaqət Əhmədova