Qərbdə Valentin günü kimi tanınan, postsovet məkanınsa Sevgililər Günü adı ilə qəbul olunan 14 fevral tarixinə münasibət birmənalı deyil. Elə Azərbaycanda da. Üstəlik kişilər arasında. Bu il də istisna deyil. Paytaxt küçələrində sakinlərin Sevgililər Gününə münasibətini, sevgililərin hədiyyə alıb-almayacaqlarını soruşduq.
- Sevgilimə kulon almışam. Çoxdandır sevgiliyik. Hər il alıram. Almaq lazımdır, borcumuzdur. Mən çox vaxt ona icazə vermirəm mənə hədiyyə alsın. Hədiyyə verməkdən xoşum gəlir, almaqdan yox.
- Mənə hədiyyə alıb gətirən lazımdır. Özüm hədiyyə axtarıram. Haradan alım, işləmirəm. Tək yaşayıram.
- Sevgilim var. Hədiyyə də almışam. Sirdir, deyə bilmərəm.
- Hamıya xoşbəxtik arzulayıram. Yanımdakı həyat yoldaşımdır, elə ona görə şəhərə çıxmışıq ki, hədiyyə alım. Yoldaşım da məni çox istəyir. İstəyir ki, qayğısına qalım, mehriban olaq.
- Hər yerdə qəbul edirlər. Sevgilim yoxdur. Sevgilim olanda hədiyyə alıram. Bizdə Sevgililər Günü deyəndə düşünürlər ki, ancaq oğlan hədiyyə almalıdır. Amma Sevgililər Günüdürsə, hər iki tərəf hədiyyə almalıdır. Qayğı həmişə olmalıdır, nə qədər ki, bir yerdədirlər. Amma özəl günlər var ki, hədiyyə alınmalıdır. Hədiyyə almaq üçün də Sevgililər Gününü gözləməyə ehtiyac yoxdur.
- Mənim sevgilim var, hansını deyim. Axşam növbədəyəm deyə, söhbəti fırlatmışam. Sevgi etirafı edə bilmərəm.
- Sevənlər bir-birini möhkəm sevsinlər, ömürlük sevsinlər. Biz valideynlərin göstərişi ilə evlənmişik, amma sevirik. Yalançı sevgilərə inanmıram. Əsas ailə sevgisidir. Hədiyyə vacib deyil. Hədiyyə ailədir. Mehribançılıq olandan sonra min hədiyyəyə bərabərdir.
- Sevgilim yoxdur. Amma kollektivlə, uşaqlarla yığılıb keçiririk. Kollektivlə bir-birimizə
hədiyyə alırıq. Sevgilimiz yoxdur deyə, özümüzə təsəlli veririk.
14 fevralda sevgilisinə şeir hədiyyə edənlər də var.
- Mən Sevgililər Günündə nə hədiyyə edərdim? Məndə ancaq hədiyyə bədiyyədir, yəni bədiidir. Mən o qıza deyərdim ki,
Bir dənəsən, bir dənəsən bir dənə
Sağ ol ki, vaxtında hə dedin mənə.
Ən böyük hədiyyəm ürəyimdir sənə
Başqa nəyim var bağışlayım sənə.
Hədiyyə alım yar bağışlayım sənə.
Əvəzini qaytar bağışlayım sənə.
- Sevgilim var. Hədiyyə planlaşdırmışam, amma hələ almamışam. Qərarsızam, amma standart hədiyyə almaq istəmirəm. Maraqlı bir şey düşünürəm. Bir birimizə hədiyə almağı sevirik. Amma bu gün qərara aldıq ki, 15-nə qədər dost olaq, sonra sevgili olarıq. Hər gün sevgi etirafı edirəm. Amma yenə də edim - sevirəm.
- Sadəcə insanlar bir simvolik gün seçirlər onu qeyd edirlər. Qeyd etmək yaxşı olardı, hər halda pozitiv gündür.
- Sevgililər hər gün xoş söz deməlidir. Bunun üçün xüsusi gün lazım deyil. Amma öz Sevgililər Günümüz var, o vaxt qeyd edilsə, daha yaxşı olardı. Bu gün mənim öz ad günümdür, mənə hədiyyə alırlar. Sevgililər Günündə hədiyyə almıram, başqa vaxtlarda alıram.
Sevgilililər Gününə cəmiyyətdə münasibət fərqli olsa da, hər kəs bu günün pozitiv olduğunu düşünür. Elə bizim kimi. Bütün sevgililərin bayramını təbrik edirik.