Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində 20 yaşlı qadının qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən bıçaqlanmasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci təvəllüdlü Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsik yaraları alaraq xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P.İsmayılova da xəsarət alıb”.
Qeyd edək ki, G.İsmayılova ilə P.İsmayılova bacıdırlar.