Sevgisinə qarşılıq ala bilməyənlərə məsləhət

MARAQLI
16:54 14.06.2011
8835
Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan Oxumeni.az həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın və digər mütəxəssislərin psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

Sevgi həyatın mənası, insan qəlbinin bəzəyidir. İnsan qəlbən duyub, qəlbən sevir. Sevinəndə də, sarsılanda da qəlbən sarsılır. Bu gün də qəlb sarsıntılarından yaranan sualları imkan dairəsində işıqlandırma­ğa çalışacağıq (qeyd: məlum səbəblərdən mobil telefonların ilk üç rəqəmini qeyd etmirəm).

070-...-95-39 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa Rəvan. Mən sizi həmişə dinləyirəm, sizdən kömək istəyirəm. Mən ailəli olub ayrılmışam, artıq iki ildir. Amma ki, yenə də yoldaşımı istəyi­rəm, övladımız yoxdur. O, təzəlikcə mənə yaxınlaşdı, söz verdi ki, barışa­rıq, ancaq təzədən yoxa çıxdı. Mənə də o ərəfələr elçi çıxmışdı, amma mən ondan başqa heç kimlə ailə qurmaq istəmirəm. Xahiş edirəm, cavabsız qoy­mayın. Sağ olun.

- İsa Rəvan:

- Ayrılmağınızın səbəbini yazmadığınız üçün fikrim ehtimala əsaslanacaq. Əgər belə sevirdinizsə, niyə ayrılırdınız? Yoldaşınız barışmaq üçün sizə ya­xınlaşıb sonra yoxa çıxırsa, bu sevgi deyil. Sizin sevginiz ona qarşı bağlılı­ğa çevrildiyindən ondan başqası ilə ailə qurmaq istəmirsiniz. Ziyanın yarısın­dan da qayıtmaq xeyirdir. Bəlkə də xoşbəxtliyiniz sizə elçi gələnlədir. Sev­mək, öyrəşmək və bağlanmaq başqa hisslərdir. Siz öyrəşmək və bağlılıq hisslərinə qapılmısınız. Ona görə də həyat yolunda ancaq onu görürsünüz. Siz istədiyiniz kimi o da sizi sevsəydi, bu ayrılığa çoxdan son qoyardı. Qəl­biniz sizi aldatmasın, bu istək qəlbinizdə qalan və ona olan bağlılıqdandır. Gələcək xoşbəxtliyinizi bu ayrılığa görə qurban verməyin. Düşünərək düz­gün seçim edin.

051...-13-43 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, mənim problemim budur ki, anam məni sevdiyim oğlana vermə­məkdə israrlıdır. Anam hər dəfə o oğlanı pisləyir, təhqir edir, müxtəlif sözlər deyir. Amma alınmır, "könül sevən göyçək olar", - deyiblər. Düzdür, anam­dır, canımdır, gözümdür, mənə həyat bəxş edənimdir, amma məni başa düşmək istəmir. Anamın dediyinə görə, məni kimə verərsə, ona da getməli­yəm. Amma mən belə olmasını istəmirəm. İstəmədiyim oğlana gedib bəd­bəxt olmaq istəmirəm. Bəlkə də üzdə çox xoşbəxt olacağam, amma daxi­lən bədbəxtliyim mənimlə olacaq. Mən isə sevdiyim insanla həm daxilən, həm də zahirən xoşbəxt olmaq istəyirəm. Düzdür, valideyn xeyir-duası da mütləqdir xoşbəxtlik üçün. Amma mən bu xeyir-duanı ala bilmirəm. Anamın bu israrı ilə bundan sonra çətin alım o xeyir-duanı. Məsləhətinizə hörmətlə yanaşıram. Sağ olun.

İsa Rəvan:

- Sevgi aləmində ürəyə məcbur etmək olmur. Çünki insan ağlı ilə deyil, qəl­bi ilə sevir. Bəzən sevginin də gözü kor olur. Ananız, bəlkə də sevdiyiniz oğ­landa sizin bilmədiyiniz nöqsanı görür, ona görə bu qədər israrlıdır. Yox, əgər hər şey normaldırsa, ananızın israr etməyi düzgün deyil. Valideyn xe­yir-duası önəmli olduğu qədər onların yersiz müdaxiləsi də pis sonluqla nəti­cələnir. Valideynin, "Qızımı kimə istəyirəm, verəcəyəm", - deməsi təbii ki, düzgün fikir deyil. Müasir dövrün müasir tələbləri var. Sevmədən qurulan ai­lədə səadətə nəsib olmaq çətindir. Hər iki tərəfin bir-birini tanımağı, xasiy­yət uyğunluğu vacibdir. Siz bütün fikirlərinizi ananıza deyin və mübariz olun. Eyni zamanda xala və digər qohum qadınlara da deyin. Qoy onlar da başa düşsünlər ki, sizi məcbur başqası ilə xoşbəxt etmək olmaz. Sizin özünü­zün də sevməyə və sevilməyə haqqınız var. Valideyn o zaman müdaxilə edər ki, övlad seçimini yanlış etsin. Heç bir qüsur yoxdursa, valideynin övla­dın qəlb istəyinə müdaxiləsi birmənalı şəkildə düzgün deyil. Siz ananızı öz sevginizə inandırmalısınız. Yaxşı olardı ki, ananız həmin oğlan haqqında bir az maraqlansın və sonra fikrini dəyişməli olsun.

055...-10-90 nömrəli mobil telefonun sahibi yazır:

- Allahın salamı olsun İsa bəyə və ümumi "Oxu Məni" əməkdaşlarına, əziz oxucularına. İsa bəy, mən 12 ildir evliyəm, 3 övladım var. Allah olmayanlara da nəsib etsin. Amma bir iş var ki, fikir uyğunluğu tutmur və yoldaşım çox əsəbidir. Neyləməliyəm?

İsa Rəvan:

- Siz hər bir hərəkətinizdə onun əsəbiliyini nəzərə almalı, nəvazişlə davran­malısınız. Ailədə olan o soyuq sükutu pozaraq nikbin bir əhval, ruh yüksəkli­yi yaratmağa çalışın. Yoldaşınızı əsəb həkiminə göstərərək sakitləşdirici həblər alın. Onun qohum və tanışlarla ünsiyyətini çoxaldın, gəzintilərdə olun. Evdə əsasən şən musiqilərə üstünlük versin. Bir müddətdən sonra irə­liləyiş nəzərə çarpacaq. Çünki ortada övladınız var, övlad hər ikinizi ailəyə daha yaxın edir. Fikirlərinizi yumşaq formada bildirin ki, onun düzgünlüyünü də göstərərək inandırasınız. Beləcə, fikir ayrılığı da aradan qalxar. Unutmayın ki, yoldaşınızın həyatda özünə görə problemi var. Onu səbirlə, anlayışla qarşılasanız, zaman hər bir problemin öhdəsindən gələcək.

055...-45-92 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa müəllim. Necəsiniz? Sizdən bir kömək istəyirəm. Mənim bir sevdiyim var, tanışlığımız o qədər də çox vaxt deyil. Hər tanışlığında mə­nimlə daha yaxın olmaq istəyir. Mənim qarşıma şərt qoyur ki, sabahkı gö­rüşdə sən soyunmalısan, mən səni qucaqlamaq istəyirəm. Mən neyləyim axı? Onu da çox istəyirəm, tənhalıq da yorur məni. Kömək edin.

İsa Rəvan:

- Hər eşqə düşmək sevmək demək deyil. Sevgi özü də bir neçə hissə bölü­nür: qəlbən olan ülvi sevgi, ötəri hissiyyat sevgisi, ehtiraslı sevgi. Ötəri hiss ilə ehtiras sevgisi əsl sevgi deyil. Onlar öz hissiyyatlarının "ödənişini " tələb edirlər. Sevgidə şərt olmur. Daha yaxın olmaq isə soyunmaqla deyil, qəlblə olur. Siz az bir vaxtdır tanış olmusunuz və sizdən soyunulmaq tələb olunur. Burada hansı ülvi hissdən söhbət gedə bilər? Bu cür tələblər əsl sevgiyə ya­bançıdır. Aydındır ki, sevdiyiniz oğlan ülvi hisslərdən çox uzaqdır. Siz də hal-hazırda qəlbinizin boşluğuna görə ona inanır və tənha qalmaqdan qorxur­sunuz. Hissləriniz sizi aldatmasın, sonradan aldanıb atılaraq peşman ol­maqdansa bəri başdan ayrılın ki, sonra da o acıları yaşamayasınız. İndiki seçiminiz düzgün deyil, xoşbəxtliyiniz üçün seçiminizdə yanılmayın.

055...-43-13 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa bəy. Mən bir oğlanı sevirəm, oğlan da məni artıq 4 ildir sevir. Oğlan imkanlı olmasına baxmayaraq, ailəm məni ona vermir. O, məni qa­çırtmaq istəyir. Nə edim? Məsləhət verin.

İsa Rəvan:

- Sevgi sərhəd bilmədiyi kimi var-dövlətlə də ölçülmür. Əsl sevgi yolunda şah da, dilənçi də eynidir. Əsl və qarşılıqlı sevgiyə valideyn müdaxiləsi düz­gün deyil. Ancaq həyat təcrübəsinə görə valideyn fikri də önəmlidir. Çünki hər bir valideyn öz övladının xoşbəxtliyini istəyir. Bəlkə ailənizin əks tərəf haqda bilmədiyi nəsə bir şey var. Hər şey normaldırsa, siz ananızla təklik­də söhbət edin və bütün fikirlərinizi ona çatdırın. Valideyn sözü və fikri hər şeydən önəmlidir, təkcə yersiz müdaxiləni çıxmaq şərtilə. Qaçmaq isə heç bir halda düzgün olmadığı üçün məsləhət görülmür. Dözün və mübariz olun ki, öz istəyinizə çatasınız.

051...-61-37 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, bir oğlan mənə zəng eləyib deyir ki, mənim səndən xoşum gəlir, əgər razısansa, elçi göndərim. Mən onu tanımıram, deyir ki, gəl görüşək. Bilmirəm nə edim?

İsa Rəvan:

- Sevgi qarşılıqlı olmalıdır. Əgər onun fikri ciddidirsə, təbii ki, sizin də ondan xoşunuzun gəlib-gəlməməyi məsələsi var. Kor-koranə razılıq vermək olmaz. Bunun üçün görüşmək, fikrinin dəqiqliyini, xasiyyətini bilməyiniz vacibdir. Ancaq "Səni sevirəm, səni alacağam" epitetləri ilə bəzədilmiş sözlərdən isti­fadə edənlər də çoxdur. Digər tərəfdən, ilk baxışdan da ailə qurmaq olmaz. Burada elçi sözü də bir qədər müəmmalıdır. Çünki o oğlan sizi yaxından ta­nımaya-tanımaya necə elçi göndərə bilər? Axı zahiri görünüş aldadıcı ola bi­lər. Siz onunla söhbət edərkən bütün bu fikirlərə aydınlıq gətirə bilərsiniz. Çalışın düşüncələrinizdə yanılmayasınız.

055..11-68 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, mənim də sizin məsləhətinizə ehtiyacım var. Mən özümə çox qa­palıyam, heç kimə heç nə deyə bilmirəm. Niyə beləyəm, bilmirəm. Bir oğ­lanla danışıram, onu dəhşətli dərəcədə çox istəyirəm. Amma bu keçici hiss olur, sonra ondan bezirəm. Çünki qaranlıq dünyanın içindəyəm və aydınlığa çıxa bilmirəm. Hər şeydən ümidim üzülüb, həyatım yalanlarla doludur. Mə­nə kömək edin və çox xahiş edirəm.

İsa Rəvan:

- Problem sizin sinir sisteminizdədir. Əlavə olaraq ətrafdakılarla ünsiyyət qu­ra bilməməyinizdədir. Bu səbəbdən də özünüzə qapılırsınız. Siz hər şeyi ürəyinizə salır və onu böyük dərd edirsiniz. Bu da sizin həyat zövqünüzü sti­mullaşdırmağa qoymur. Digər tərəfdən də, görünür, sizdə qürur yoxdur. Bü­tün bunlara rəğmən siz rəfiqələrinizlə, qohumlarınızla ünsiyyət qurmalı, nik­bin ruhda olmağa çalışmalısınız. Sevdiyiniz oğlanla bir müddət əlaqə saxla­mayın, ya onsuz həddən artıq darıxacaqsınız, ya da bu ötəri hiss olduğuna görə keçib gedəcək. İstənilən halda qürurunuza və əsəblərinizə sahib olun.

Mövzu ilə bağlı Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadənin fikirləri:

- Təəssüf ki, valideynlər tanımadıqları, qohum və ya yaxın olmayan insanla­ra qızlarını vermək istəmirlər. Bunu böyük problem etməyi məsləhət görmü­rəm. Ümumiyyətlə, insanlar fərqlidir, hadisələrə fərqli reaksiya verə bilirlər. Səbəbdən asılı olaraq reaksiya da fərqli olur. Elə insan var ki, o səbəbi o sa­at yaxın adamın üzünə deyir, rahatlanır. Elə insan da var, hesab edir ki, əks tərəf özü başa düşməlidir. Doğrudan da bizim adət-ənənəyə görə bö­yüklərin sözünü yerə salmaq, ağsaqqal, ağbirçəyin sözünə qulaq asma­maq bir tərəfdən ayıb sayılır, o biri tərəfdən də yaddan çıxartmayaq ki, artıq XXI əsrdir, 20-21 yaşında bir insan, vətəndaş öz taleyini özü həll edə bilər. Amma bu yaşda taleyini həll etmək üçün həmin gəncdə təcrübə olmalıdır. Və bu təcrübəni o, yaxşı olardı ki, vaxtilə 14, 15, 16 yaşında müstəqil qərar qəbul etməklə hansısa yüngül, xırda məqsədlərlə qazanardı ki, indi də mü­əyyən problemləri həll etmək üçün yetərincə təcrübəyə malik olardı. Doğru­dan da sevirsənsə, güc yığıb ən yaxın adamlara sübut etməlisən ki, həqiqə­tən sevirsən. Sevgini itirmək, sevgidən uzaqlaşmaq hər kəs üçün böyük bir faciədir. Fərq bircə onda olur ki, bu faciədən bəziləri panikaya, çıxılmaz və­ziyyətə düşür, çoxumuz isə bərkiyirik. Belə bir ifadə var: "sevgi kordur". Biz sevəndə heç nəyi görmürük. Amma bir şeyi başa düşməliyik: sevən insan özü də sevgisinə görə mübarizə aparmalıdır.

Müəllifdən: Sevgi insan üçün yaranıb və insana xidmət edir. Əgər o, sizə əziyyət verirsə, deməli, sevgi deyil, təktərəfli istəkdir. Bu hiss insanı kül edənədək yandırıb tökür. Halbuki sevgi odu yandırmır, ürəkləri qızdırır və ətrafa nur saçır...

Oxucuların nəzərinə: Mesaj göndərən şəxs sonradan telefon zənginə cavab verməzsə, həmin mesaj dərc olunmayacaq. Bu səbəbdən də bir neçə mesaj dərc olunmadı.

İsa Rəvan

Oxumeni.az 

OXŞAR XƏBƏRLƏR