Sevgisiz eyni yatağı paylaşanlar

Sevgisiz eyni yatağı paylaşanlar
KÖŞƏ
01:34 16.03.2015
9232
Türkan Turan

Bir tərəfin əskik qalır gecə boyu. Nəfəsini, süni nəfəs aparatına qoşulacaq qədər çətin-alıb verirsən. Ürəyin küçə uşaqları kimi, çölün soyuğunda qalmışcasına üşüyür. Bəli, bu cür başlayır sevgi.

İtirməkdir- eqonu, qüruru! Kimliyini bir oğrunun əllərinə könüllü təslim etməkdir, sevgi.

Gülümsəyən bir cüt gözə baxmaq, bir dodaqda əsir olmaqdır. Olmayacaq duaya “amin” demək, imkansızı mümkün qılmaqdır, sevgi.

İki insan bir-birini sevir. Dünya onlar üçün fərqli bir yerə çevrilir...

Sonra sevgi ilə heç bir əlaqəsi olmayan insanlar, kənardan müdaxiləyə başlayır.

Səbəb?

Sevgisizlik! Özlərinin bunu bacarmamaqları. Səbəb onların buz kəsmiş ürəyidir!

Günümüzdə hər nə qədər arxa plana keçirməyə çalışsaq da, nə qədər standart səslənsə də, sevgi və pul insanları ayaqda tutan başlıca səbəblərdəndir!

Həyat demək olar ki, bu iki xətt üzrə gedir. Bəli, pul vacibdir. Çox vacib! Ancaq bir gün pul və sevgi arasında seçim etməli olsam, tərəddüdsüz sevgini seçərəm.

Aha! Deyəsən kimlərisə eşidirəm. Sanki kimlərsə “sevgi qarın doyurmur” deyir... “Sabahilk çətinlikdə sevgi heç kimin dadına çatmayacaq” düşünürlər, deyəsən..

Amma unutmayaq ki, aramızda minlərlə insan var ki, sevgisiz bir evi paylaşırlar. Rol gərəyi öz öhdəliklərini yerinə yetirirlər. Hissiz, duyğusuz, sevgisiz bir yatağa girirlər. “Camaat nə deyər” adı ilə sevmədiyi insana dözənlər var. Sevmədiyi və istəmədiyi halda bir bədənə toxunurlar. “İş” bitdikdən sonra görəv də tamamlanır. Üzün biri sağa, biri sola dönür. Səhər iki ət parçası kimi oyanıb, hər kəs öz işi ilə məşğul olur. Axşam yenə eyni işgəncə başlayır!

Bu cür davam etdiyi halda, insan gerçək duyğusunu itirir, bir vaxt gəlir, gözlərindəki parlaqlığı yoxa çıxır. Dünyada ən gözəl bacardığı, ən son işini-gülüşünü itirir.. Bir vaxtdan sonra artıq gülmək naminə gülür!

Və həmin gün insanın ruhu ölür!

Ancaq sevgidə bütün sədləri, hədləri, qanunları, qaydaları vurub dağıdan bir qüvvə var. Sevgi varlığı ilə xoşbəxtlik verir. Sevmək üçün oturub, az sonra möcüzə olacağını gözləmək absurddur! Sevgi özü möcüzədir.

Küçəyə çıxın baxın, səbəbsiz təbəssümlə gəzənlərin hamısı aşiqdir!

Geriyə qalan qaşları çatılmış, kədərli, mənasız ifadə ilə gəzənlər ordusu isə, sevgisizlik dənizində ya üzüb yorulan, ya da boğulmağa məhkum olanlardır.

Çox pulun olacağı təqdirdə, eyni xoşbəxt ifadəyə sahib olacağını düşünürsənsə, yanılırsan!

Sevgi tək başına insana stimul verir, həyat, yaşamaq eşqi, ehtiras, fərqli sahələrə yön verir. Sevgi həm maddi, həm də mənəvi qazandırır. Amma pul sadəcə var olmağı ilə yetinir! Ya da, ən uzağı rahat həyat bəxş edir. Amma bu mənəvi rahatlıqdan, uzaq rahatlıq olur!

1936-cı il yanvarın 20-də Georgenin ölümündən sonra, Böyük Britaniyanın taxtına VIII Edward çıxır. Həmin ərəfələrdə o, Wallis Warfield Simpson adlı bir qadına aşiq olur. Simpson isə ikinci əri ilə evli olmasına baxmayaraq, Edwarda olan sevgisinə görə boşanmağa qərar verir! Kral 27 oktyabr tarixini-Simpsonun boşanacağı günü gözləyir. Rahat nəfəs alır. Amma elə həngamə bundan sonra başlayır. Həm ailəsi, həm İngiltərə kilsəsi, həm də digər dövlət adamları onun bu sevgisinə etiraz edirlər. Qısa vaxt keçir. Kral qərarını verir. Baş nazir Stanley Baldwinə, Simpsonla evlənmək istədiyini bildirir. Ancaq onun bu qərarı yenə dəstəklənmir. Bundan sonra Edward 11 dekabr radio vasitəsi ilə çıxış edərək, taxtdan çəkilir. Elə həmin gün Simpsonla birlikdə İngiltərəni tərk edərək, Parisə yerləşir. 1937-ci ildə evlənirlər. 1972-ci ilə-gözlərini yumana qədər bir-birlərindən ayrılmırlar.

Budur! Tarixin ən real və qürurlandırıcı sevgilərindən biridir!

Yaxşı bəs sən öz krallığından imtina etdin?

Bu anda sahib olduğun nəyi fəda edəcək qədər aşiqsən?

OXŞAR XƏBƏRLƏR