Seymur Orucov: 'Müxalifətin keçirdiyi aksiyalar zamanı onların sayı o qədər az olur ki ...'

Seymur Orucov:
12:01 13.02.2013
938

Azərbaycan gəncliyi praqmatikdir, ağı qaradan seçməyi bacarır. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə kampaniya aparan gənclərin sayı o qədər azdır ki, onlar nəinki Azərbaycan gəncliyinin, onun kiçik bir hissəsinin də adından çıxış edə bilməzlər”. Bu sözləri Editor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.

Sosial şəbəkələrdə bir qrup müxalif gənc hakimiyyət əleyhinə müxtəlif kampaniyalar təşkil edərək, ümumilikdə ölkə gəncliyi adına iddia edirlər. Facebook sosial şəbəkəsində “Xocalıya dəstək” aksiyasında yaxından iştirak etməyən, azərbaycanlıları bir millət olaraq aşağılayaraq, erməniləri “göylərə qaldıran” yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ətrafında gedən müzakirələrdən kənarda dayanan gənc müxalifətçilər iqtidara qarşı qara-piar kampaniyasını son zamanlar daha da sürətləndiriblər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov hesab edir ki, onlar bir qrup fürsətcil siyasətçinin əlində alətə çevrilmiş və həqiqəti görə bilməyən təbəqənin təmsilçiləridir: “Çox sevindirici haldır ki, onların sayı barmaqla sayılacaq qədər azdır. Əgər onlar mütərəqqi ideyalar ətrafında birləşsəydilər, dövlətçilik maraqlarından çıxış etsəydilər, bu gün öz sıralarında onminlərlə gənci birləşdirmiş olardılar. Müxalifətin keçirdiyi aksiyalar zamanı onların sayı o qədər az olur ki, özləri də tutduğu yolun perspektivsizliyini etiraf edirlər. Sadəcə onlara edilən siyasi təsirlər və şirnikləndirici vədlər, psixoloji asılılıq şəraitində fəaliyyətləri həmin gənclərə həqiqəti söyləməyə imkan vermir. Bu gün Azərbaycan gəncliyinə ən yüksək səviyyədə şərait yaradılıb. İstər Azərbaycan gəncliyi: “2005-2009”, istərsə də Azərbaycan gəncliyi: “2011-2015-ci illərdə” dövlət proqramları ölkə gəncliyinin qarşısında böyük imkanlar açıb. Müasir Azərbaycan gənci ölkədə və xaricdə təhsil almaq, öz qabiliyyətini nümayiş etdirmək imkanına malikdir. Gənc kadrların önə çəkilməsinə dövlət səviyyəsində dəstək göstərilir. Məhz elə bu səbəbdəndir ki, ölkə gəncliyi öz gələcəyinin, Yeni Azərbaycan Partiyasının arxasındadır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətə dəstək verir. Sosial şəbəkələrdə təxribatlar yaratmağa çalışan radikal gənclər anlamalıdırlar ki, artıq 90-cı illərdə yaşamırıq və insanları boş və mənasız vədlərin arxasınca aparmaq mümkün deyil”.

OXŞAR XƏBƏRLƏR