Şeyx Əbdül: “Kinomatoqrafçılar İttifaqından heç kim mənimlə maraqlanmır”

Şeyx Əbdül: “Kinomatoqrafçılar İttifaqından heç kim mənimlə maraqlanmır”
SOSİAL
13:46 18.02.2026
310
"Çox ağır şəraitdə üç xəstəliklə mübarizə aparıram. Boğuluram, nəfəs ala bilmirəm. Mədəmdə qanaxma baş verir. Bel yırtığı (qrija) və prostat problemlərim də var. Sabah analizlərin cavabı ilə bağlı həkimlər konsultasiya keçirəcəklər”. 

Bu sözləri AZXEBER.COM- a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışarkən deyib. 

O bildirib ki, yanına adam buraxmırlar:

"Yanıma adam buraxmırlar. Telefon vasitəsilə də çox danışa bilmirəm. Bütün xəstəliklər yaxamdan yapışıb. Elə qəribə xəstəliklərdir ki, birini müalicə edəndə digərinə ziyan dəyir. Dərmanlar üst-üstə düşmür. Dostlar zəng edirlər, narahat olurlar. Mənə maddi və mənəvi dəstək lazımdır, o isə hələlik yoxdur”.

Şeyx Əbdül qeyd edib ki, maddi dəstək üçün heç kəsə müraciət etməyib:

"Mədəniyyət Nazirliyi mənim günümdədir. Maddi dəstək üçün heç kəsə ağız açmamışam. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi tez-tez mənə zəng edib halımı soruşurlar. Hər dəfə deyirlər, nə lazımdır, kömək edək. Mədəniyyət Nazirliyi də mənim günümdədir”. 

O, küsdüyü qurumun AKİ olduğunu bildirib:

"Mənim küsdüyüm, umduğum təşkilat Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. O ittifaqın doğuşu mənimlə bağlıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem var, ondan heç nə ummuram. Amma Şəfiqə Məmmədova və digərləri mənimlə maraqlanmayıb. Keçən gün Şəfiqə xanım açıqlama verib ki, "mən bilirəm, Şeyx xəstədir, mən xəstə olanda sən mənim yanıma gəldin?” Düşüncə tərzinə bax. Mən haradan bilim axı onun xəstə olduğunu. Kinematoqrafiya onun şəxsi idarəsi deyil, Şeyxin 60 il xidmət göstərdiyi yerdir. Şəxsi münasibəti bu müstəviyə keçirməyin özü Şəfiqə xanımın kinodan uzaq, təsadüfi adam olduğunu göstərir”.

Xalq artisti vurğulayıb ki, onların maraqlanması vəzifə borcudur:

"Onların mənimlə maraqlanması vəzifə və mənəvi borcudur. Kino ittifaqı ona görə dövlət tərəfindən maliyyələşir ki, kinoya xidməti olanlara çətin və yaxşı günündə yardım olunsun. Şəfiqə xanım heç vaxt xəstələnməsin, nə vaxtsa xəstə olsa, mütləq onun yanına gedəcəyəm. İttifaqda rəhbər vəzifədə olanlardan heç kəs mənimlə maraqlanmır. Amma ittifaqın rəhbər vəzifəsində olanlar Şəfiqədən qorxurlar. Sovet dövründən qalan arabanın 5-ci təkəri kimi mənasız şeylər hələ də var. Mən İttifaqdan tələb edirəm ki, vəzifə borcunu yerinə yetirsin”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR