Müğənni Səyyad Əlizadəyə məxsus Yaradıcılıq evində oğurluq hadisəsi baş verib. Publika.Az-a bu barədə məlumat verən müğənni təxminən 10 min manatdan artıq ziyana düşdüyünü deyib. “Hadisə Yusif Vəzir Çəmənzəminli 127 ünvanında yerləşən Yaradıcılıq Mərkəzində baş verib. Oğrular 1 ədəd videokamera, 1 ədəd noutbuk, 2 ədəd mini-disk aparatı, xarici ölkələrdə iştirak etdiyim festivallardan qazandığım 10 qiymətli mükafatı aparıblar. Hətta qonşu otaqda dostumun seyfini də qırıblar, hansı ki, o seyfi hər adam asanlıqla sındıra bilməzdi. Amma seyfdə yalnız sənədlər vardı və həmin sənədləri otaqlara səpələyiblər. Hazırda polis oğruları axtarır”. Müğənni heç kimdən şübhələnmədiyini də dedi. Hadisə baş verən gün isə həmkarı Teymur Mustafayevin ad günündə olduğunu bildirdi. Hadisənin baş verməsini ona yaradıcılıq studiyasında çalışan xadimə xəbər verib. Qarətçilər dəmir qapını sındıraraq içəri daxil olublar.