"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında virusa yoluxan uşaqlardan biri sağalıb və xəstəxanadan çıxarılıb.
Bu barədə Musavat.com-a sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib:
"Yoluxanlardan biri sağaldığı üçün evə yazılıb. Digər iki uşaq isə xəstəxanada müalicə alır. Digərləri isə sığınacaqda həkimlərin nəzarətindədir. Uşaqlarımız arasında yoluxma dayanıb”.
Qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında 8 uşağa virus yoluxmuşdu. Kəmalə Ağazadənin sözlərinə görə, virus uşaqlara bayram günü sığınacağa yeni gətirilən digər uşaqlardan keçib.
"İlkin lazimi tədbirləri gördük. Amma gördük ki, virus digər uşaqlara da yayıldı. Bu baxımdan onların arasından ağırlaşan uşaqları Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdirildi. Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə sığınacaq rəhbəri deyib.
TƏBİB-dən isə bildirilib ki, Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyəti stabildir.