Şimali Kiprdən Qarabağa, Şuşaya mesaj

Şimali Kiprdən Qarabağa, Şuşaya mesaj
SOSİAL
15:20 13.06.2026
293
Şimali Kiprlə Azərbaycan arasında qurulan körpü hər gün daha da möhkəmlənir.

AZXEBER.COM xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazir müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri  Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günlərinin açılış mərasimində çıxışı zamanı deyib.

F.Ataoğlu bildirib ki, tədbir Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlərin daha da inkişaf etməsinə xidmət edir:

"Bu gün çox önəmli bir gündür. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin can Azərbaycanla ötən illər ərzində qurmağa başladığı körpünün daha da irəliyə doğru getməsi ilə bağlı bir gündür. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyətinin, qastronomiyasının və tarixi zənginliklərinin buradakı qardaşlarına təqdim olunduğu bir gündür”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xalqının Qarabağ və Şuşa ilə bağlı yaşadığı ağrılar Şimali Kipr türkləri tərəfindən də hər zaman paylaşılır:

"Ötən illər ərzində Qarabağ hamımızın dərdi, Şuşa hamımızın dərdi olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyəti də eyni dərəcədə hamımızın məsələmizdir. Bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyətindən Qarabağa, Şuşaya və Azərbaycana salamlar göndərirəm”.

F.Ataoğlu tədbirdə yüksək səviyyəli iştirakın təmin olunduğunu da diqqətə çatdırıb:

"Bu gün Baş nazirimizin, nazirlərimizin, millət vəkillərimizin, ana vətən Türkiyədən gələn millət vəkillərinin və Azərbaycandakı millət vəkillərinin iştirakı ilə ‘Üç dövlət, bir millət’ anlayışının növbəti təzahürünü yaşayırıq”.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında türk dünyasında birlik və həmrəylik daha da güclənir:

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın və cənab Prezident İlham Əliyevin liderliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin gələcəyə doğru irəliləməsi və bu gün nümayiş etdirdiyimiz birlik və bərabərlik xüsusi əhəmiyyət daşıyır”.

Nazir tədbirin İçərişəhərdə keçirilməsinin də rəmzi məna daşıdığını bildirib. Onun sözlərinə görə, hazırlıq prosesində Azərbaycan tərəfinin göstərdiyi dəstək xüsusi təqdirəlayiqdir:

"İçərişəhərdə bu tədbirin keçirilməsi ilə bağlı görüşlər zamanı həm İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu rəhbərliyinin, həm də digər məsul şəxslərin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələlərə böyük həssaslıq və səmimiyyətlə yanaşdıqlarının şahidi oldum. Buna görə bütün qardaşlarımıza təşəkkür edirəm”.

F.Ataoğlu çıxışının sonunda Azərbaycan və Şimali Kipr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
Modern.az
OXŞAR XƏBƏRLƏR