'Sığorta və təhlükəsizlik' mövzusunda tədbir keçirildi
İQTİSADİYYAT
21:12 01.05.2012
2265
“Yalnız sahibkarlar və işəgötürənlər arasında deyil, həmçinin işçilərin özlərinin arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun daha geniş təbliği aparılmalıdır”.Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Ümumdünya Əməyin Mühafizəsi” gününə həsr olunmuş “Yaşıl iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi” mövzusunda keçirilmiş konfransda “Sığorta və təhlükəsizlik” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.Azər Əliyev Qanunun əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayaraq, bu sığorta növünün icbari olduğu halda, yalnız 50 % müəssisənin öz işçilərini sığortaladığını qeyd edib.“Həyat sığortası”nın bu növünün əhəmiyyətindən bəhs edən ASA-nın sədri müəssisələrdə tətbiq olunduğu halda, həm işçilərin, həm də işəgötürən və sahibkarların bu qanundan yetərincə yararlanacağını deyib.Statistik məlumatlara toxunan Azər Əliyev qanunun qüvvəyə mindiyi bir il ərzində “Həyat sığortası” ilə məşğul olan 3 şirkətin (“Atəşgah Həyat Sığortası” ASC, “PAŞA Həyat Sığortası” ASC və “Qala Həyat Sığortası” ASC) ümumilikdə 327 800 AZN sığorta ödənişi həyata keçirdiyini, həmçinin dəyəri 1 400 000 AZN-dən yuxarı olan zərərlə bağlı ərizələrin baxış mərhələsində olduğunu qeyd edib.