Şirvan şəhərində borclu olan dostlar borclarını qaytarmaq məqsədilə əvvəllər təhsil aldıqları məktəbdən kompüter dəstlərini oğurlayaraq aradan çıxıblar.
Bu barədə Şirvan ŞPŞ-nin müstəntiqi Rəsul İbayev məlumat verib.O, bildirib ki, Şirvan polisi onlara kompüterləri satmağa macal verməyib.Məlumata görə, şəhər 4 saylı orta məktəbin direktoru Gülmirzə Rza oğlu Həsənov rəhbərlik etdiyi təhsil ocağından naməlum şəxs və ya şəxslər tərəfindən kompüter oğurlandığı barədə polis şöbəsinə rəsmi müraciət edib.Bundan sonra əməliyyat-istintaq qrupu hərəkətə keçib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğruların şəxsiyyəti müəyyənləşdirilib.Məlum olub ki, bunlar şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri Baloğlan Rasim oğlu Hüseynov və Əliyar Alik oğlu Mürsəlovdur.İlkin istintaq zamanı dostların qabaqcadan cinayət əlaqəsinə girərək əvvəllər oxuduqları Hacıqəhrəmanlı qəsəbəsindəki 4 saylı tam orta məktəbdən 4 dəst kompüter oğurlayaraq aradan çıxdıqları məlum olub. Evlərində saxladıqları kompüter dəstlərini sata bilməmiş polis başlarının üstünü alaraq dostların arzularını ürəklərində qoyub.Şöbəyə gətirilən cinayətkar dostlar işsizliyi bəhanə gətirərək oğurluq etdiklərini və borcları olduğu üçün kompyüterləri satıb borclarını qaytarmaq istədiklərini bildiriblər.Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.//gun.az