Siz kimsiniz Vaqif Mustafayev?

Siz kimsiniz Vaqif Mustafayev?
KÖŞƏ
12:40 25.10.2013
7032

Elçin Əlibəyli

Hər bir ölkənin və cəmiyyətin üzünü ağ eləyən onun ziyalısı olur. Ziyalıya çamur atmaqla həmin cəmiyyətin üzünü qara etmək olar. Vaqif Mustafayev Azərbaycan milli kinosuna yeni nəfəs gətirən, onu yeni istiqamətə yönləndirən rejissordur. Onun istər bədii, istərsə də sənədli filmləri beynəlxalq festivallarda və ölkə daxilində yüksək maraqla qarşılanır. Adam içərisinə çıxara biləcəyimiz, barmaq sayı ziyalılardandır.

Onun “Space” telekanalına gəlişi çoxlarının ürəyincə olmadı. Çünki cəmiyyətdə başa düşülməyən paxıllıq, yerini tapa bilməyən bədxislətlilik var. Fürsət əllərinə düşən kimi səsləndirdikləri yersiz tənqidlər, iftiralar, əslində, yaradıcı insanı söndürməyə, onun fəaliyyətini zəyiflətməyə yönəlir. Bu səpgidə çox müxtəlif yazılar yazıldı, fikirlər səsləndirildi.

Televiziya canlı orqanizmdir və kollektiv əməyinin məhsuludur. Hansısa layihə, veriliş uğursuz ola bilər, hansısa aparıcının sözü xoşa gəlməyə bilər. Amma bütün bunlar tv rəhbərliyinə qara yaxmağa səbəb kimi göstərilə bilməz. Lakin bunu da keçmək olar. Ən dəhşətlisi şəxsi həyata müdaxilə, yataq mövzusunda şou qurmaqdır. Yenə deyirəm, unutmayaq ki, söhbət ziyalıdan, yaradıcı şəxsdən, uğurlu filmlərə imza atmış rejissordan gedir.

İdrisin videosu sürətlə yayıldı. Mətbuat sanki onun peşində idi. Amma anlamırdı ki, “Space” də mətbuatdır. Mətbuat “bossları” əslində düşünməliydilər ki, sabah onların redaksiyasından ayrılmış hər hansı bir şəxs də bu hərəkəti edə bilər. Pis bir tendensiyanın əsası qoyulur.

Problem təkcə bu videoda deyil. Problem bu tendensiyanın baş qaldırmasıdır.

Bəzən uğur qazandıqdan sonra baş gicəlləndirici ulduz xəstəliyi başlayır, tələblər artır. Yaradıcı adamların da bu xəstəliyi var. O zaman daxili bir mərdliklə sadəcə papağını götürüb getmək mədəniyyəti var. Amma kimisə aşağılamaq, heyfini çıxmaq üçün aşağılayıcı, ləkələyici fikirlər səsləndirmək çox pis addımdır. Elə də anlaşılmadı, söhbət yaradıcı fikir ayrılığından gedir, yoxsa kiminsə uğur qazanmasına qısqanclıqdan.

Videoda adı çəkilən ATV-nin keçmiş vitse-przidentinin katibəsi məsələsinə də fikir bildirməliyəm. Hər kəsə bəllidir ki, onun katibəsi olmayıb. Adı çəkilən xanımsa reklam departamentinin işçisi olub, təhsili və təcrübəsi də imkan verir ki, başqa televiziyada işləsin. Burda faciəvi nə var ki?

Təbii ki, “Space”-in yaradıcı rəhbərliyində edilən dəyişiklik nəyəsə səbəb olmalı idi. Hər kəsə bəllidir ki, istənilən dəyişiklik birmənalı qarşılanmır, deyilən təklif və irad boğazdan keçmir. Amma adi yaradıcı mətbəxini bu şəkildə təqdim etmək, onu belə yozmaq, yaradıcı adama heç də baş ucalığı gətirməz.

Qayıdaq Vaqif Mustafayevə. Əslində, bu baş verənləri Vaqif Mustafayev öz filmlərində çoxdan göstərib. O, bəzən ironiya ilə, bəzən də hiperbolik sarkazmla cəmiyyətin natamamlığını, insanların eybəcərliyini bacarıqla təsvir edib. Mən heç də təəccüblənmədim. Bu ölkədə ziyalını aşağılamaq kütləvi həzz prossesinə çevrilib. Bir söz, fikir, əməl sahibini yerlə yeksan etmək bəzilərini orqazma gətirir. Amma nə itirdiklərini heç anlamırlar. Vaqif Mustafayev təpədən dırnağacan yaradıcı insandır,dünya incəsənətinin ən müasir gedişlərindən xəbəri var. Ölkəmiz üçün də, kinomuz üçün də çox gərəkli simadır. İstəmirəm onu itirək. İstəmirəm onun adının yanında çamurları səsləndirək.

Bu gün televiziya ilk növbədə mənəviyyat məsələsidir. Televiziya rəhbərinə yönələn bu ittiham bütün televiziyanı kölgə altına alır. Və mən Vaqif Mustafayevi illərdir tanıdığım üçün bilirəm ki, gerçək belə deyil. Yaradıcı adamın kiməsə simpatiyası, hətta, sevgisi də ola bilər. Bu ki, qadağan olunmayıb. Bir də, bizim kiminsə şəxsi həyatı ilə nə işimiz var? Hərənin həyatı, taleyi bir cür olur. Bunu qisas mövzusuna çevirmək, şişirtmək bizə nə verəcək? Bizə Vaqif Mustafayevin işi lazımdır, yoxsa şəxsi həyatı? Şəxsən, mənə onun əvəzolunmaz filmləri lazımdır.

Siz təqdim olunan kimi deyilsiniz, Vaqif Mustafayev. Özünüzə, yaradıcılığınıza bələd olan hər kəs bunu bilir. İnsani keyfiyyətiniz də, hər kəsə kömək etmək istəyiniz də hamıya bəllidir.

Təəssüf ki, biz müasir texnologiyadan ancaq məkrli məqsədlər üçün istifadə edirik. Bundan sonra böhtanlar qeybət formatından çıxıb videoüzədurma kimi meydana çıxacaq. Bax belə, bu günü də gördük...

OXŞAR XƏBƏRLƏR