“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif

“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
SOSİAL
12:51 13.03.2026
256
"Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır: "Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.

V.Bayramov əlavə edib ki, bu ilin yanvar ayında Füzuli rayonunda keçirilən illik hesabat yığıncağında sakinlər tərəfindən qeyd olunan məsələlərdən biri də Qaydışı qəsəbələrin içməli su təminatı ilə bağlı olub: "On mindən çox sakini olan Qayıdış qəsəbələrinin içməli su təminatı ilə bağlı artıq işlərə başlanılıb. Cənab Baş nazir, sakinlərin müraciətini nəzərə alaraq, sizdən bu prosesin sürətlənməsinə dəstək olmağınızı xahiş edirəm”.
 
Qafqazinfo
OXŞAR XƏBƏRLƏR