Şlyapalı qadın - Əməkdar jurnalist Əminə Yusifqızı haqda yazı

Şlyapalı qadın - Əməkdar jurnalist Əminə Yusifqızı haqda yazı
SOSİAL
14:30 29.04.2025
171
Şlyapa xanımların saçları ilə həmahəng olduğu üçün, onları daha yaraşıqlı, daha cazibədar göstərir. Axı, bu baş örtüyü təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarıdır...

Müsahibələrinin birində deyir ki:- "Mən 1968-ci ildə Yevlax rayonunda orta məktəbi bitirmişəm. O dövrdə məktəbdə divar qəzetləri olurdu. Mən də məktəbimizin divar qəzetinin redaktoru idim, həm də yerli qəzetdə yazılarım işıq üzü görürdü. Heç zaman jurnalistikadan başqa hansısa peşə sahibi olmaq arzusuna düşməmişəm. Yazı-pozu aləminə hədsiz marağım olub. O dövrdə də jurnalistikaya qəbul olmaq çox çətin idi. Nəhayət, üçüncü cəhddə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. Təhsilimi başa vurandan sonra Yevlaxa qayıtdım və "Kür" qəzetində əvvəl korrektor, müxbir, sonra şöbə müdiri və baş redaktora qədər yüksəldim...”

Onu cəmi bir dəfə- Mətbuat Şurasında olarkən görmüşəm. Əynində rəngarəng don, başında da şlyapası var idi. Bəlkə də ona görədir ki, yadaşımda şalyapalı xanım kimi qalıb. Qırx ildən çox Yevlaxın "Kür" qəzetində çalışıb. Dediyinə görə, ötən müddət ərzində oxucuya ünvanladığı hər bir yazıya ürəyinin, düşüncəsinin zərrəsini, atəşini qataraq çatdırmağa çalışıb. Bir vaxtlar yazdığı felyetonlar obyektiv olduğundan özünə oxucu kütləsi toplaya bilib. Onun felyetonları o qədər obyektiv olurdu ki, hətta rayon partiya komitəsinin büro iclaslarında oxunur, yazıda tənqid olunan adamlara töhmət verilirdi, bəzən işdən qovulanları da olurdu...

"Bəzən içimdə yazmaq istəyimi boğmaq məcburiyyətində qalanda sıxılırdım, ağrıyırdım. Nə xoş söz dadıma çatırdı, nə dərman. Belə vaxtlarda küsürdüm umduğum yerlərdən. İçimə yığılıb faş eləmək istəmədiyim şeylər için-için yandırırdı məni. Qadın olmaqla jurnalist olmaq arasında var-gəl edirdim. Axı, jurnalist təkcə öz ömrünü yaşamır. Mənim mətbuata bu qədər bağlılığım insanlara nümunə idi və nəticəsi kimi, sonradan nə qədər yevlaxlı gənc jurnalist olmaq arzusuna düşmüşdü...”- söyləyir.

 O, təkcə qəzetə baş redaktorluq etməyib, həm də rayonun ictimai fəallarından biri olub. Çox erkən yaşlarından "Sevil" qadın məclisinə sədr seçilib. Sonra da YAP Qadınlar Şurasının sədri, Yevlax rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvü olub. Bu işləri isə ona insanlara əl uzatmağa, onların ehtiyaclarını qarşılamağa kömək edib. Kimisə sevindirmək, kiməsə əl tutmaq onun həyat tərzidir, bundan rahatlıq tapır, özünü bəxtəvər sayır. Çalışır ki, ona pənah gətirən heç kimi əliboş qaytarmasın...

Deyir ki:- "İllərboyu neçə-neçə icra hakimiyyəti başçıları ilə işləsəm də, hamısında qəribə bir şeyi müşahidə etmişəm. Əvvəl-əvvəl fəaliyyətim xoşlarına gəlmir, ya da nəsə, məni başa düşmürdülər. Amma sonradan tanıdıqca, ünsiyyət yarandıqca mənə qarşı fikirlər dəyişirdi. Deyim ki, sıxışdırılmışam, mane olmağa çalışıblar, yox. Özümə qarşı bunları görməmişəm, haqsız hücumlara məruz qalmamışam. Bəlkə də olub, amma mən hiss etməmişəm...”

Haqqında söhbət açdığım bu şlyapalı xanım 1 iyun 1951-ci ildə Yevlax rayonunda dünyaya gəlib. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsili alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan əvvəlki adı "Təşəbbüs", sonrakı adı "Kür" olan qəzetdə jurnalist fəaliyyətinə başlayıb. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləyib, 1991-ci ildən isə qəzəten baş redaktoru olub. Hazırda Respublika Mətbuat Şurasında çalışır...

"Ətrafımda hər zaman kişi dostlarım çox olub. Bəlkə də bu, xarakterimdəki sərtlikdən irəli gəlir. Amma həyatımda elə bir xanım, elə bir ürək dostum var ki, o, mənə hamını əvəz edir. Yaşda məndən çox kiçikdir. Amma inanın, mən ondan məsləhət alıram. Faciə kimi baxdığım bəzi məsələlərə, nəyə görəsə qınadığım insanlara onunla söhbətdən sonra münasibətim tamamilə dəyişir. Onun təmkini, həlimliyi, məsələlərə müdrik yanaşmağı, qaranı ağdan seçməsi mənə də təsirsiz ötüşmür. Hər kəsə belə insanların ətrafında olmağı arzu edərdim.”- söyləyir.

 İki övladı, bir neçə nəvəsi, hətta nətcəsiləri də var. Yaşı yetmişi ötsə də, amma hələ də gənclik həvəsi, cavanlıq enerjisi onu tərk etməyib...

Deyir ki:- "Yaşımdan qorxmuram. Hərdən yaşımı söyləyəndə deyirlər ki, necə cəsarətlə deyirsiniz. Deyirəm nə var ki, burda? Axı əgər hələ də mənim enerjim, yaşamaq həvəsim, həyata və insanlara sevgim varsa, yaşın nə önəmi var? Mən hələ yaşamaq, işləmək, insanlara əl tutmaq istəyirəm. Gələcəyə ümid, xoş güman insanın xislətində, təbiətindədir. Bu hislər onu sonda tərk edir. İnsanlar bir-birilə daha mərhəm, daha yaxın olmalıdır. İstəyirəm ki, ətrafımdakı insanlar xoşbəxt olsunlar...”

Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə bir sıra ədəbi, ali media mükafatlarına layiq görülüb. "Əməkdar jurnalist” fəxri adı və "Tərəqqi” medalı ilə təltif olunub. Mətbuatda çalışdığı müddətdə dəfələrlə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olub, o cümlədən çoxsaylı diplom və fəxri fərmanlarla mükafatlandırılıb. 65 yevlaxlı şəhidin həyat və döyüş yolundan bəhs edən "Zəfər Fədailəri" adlı kitabı 2021-ci ildə, "Biz vətən üçün doğulduq" kitabı isə 2022-ci ildə nəşr olunub...

...XX əsrin əvvəllərindən başlayaraq yetmişinci illərədək, istər kişilər, istərsə də qadınlar ilin bütün fəsillərində şlyapanın müxtəlif formalarından istifadə edirdilər. Sonradan bu baş örtüyü ancaq ilin soyuq aylarında istifadə olundu. İsti və sərin aylarda isə müxtəlif formalı saç düzümlərindən istifadə dəbə düşdü. Hazırda qadın və kişilər üçün müxtəlif formalarda müxtəlif materiallardan baş örtükləri istehsal olunur. Şlyapaya gəlincə isə, indinin özündə də şlyapalar dünyanın hər yerində istifadə olunan bir baş örtüyüdür və yenə də populyarlığını qoruyub saxlayır. Bəli, barəsində danışdığım əməkdar jurnalist Əminə Yusifqızı da bu papulyarlığı qoruyan zərif xanımlarımızdandır...

Yeri gəlmişkən, bir ay qalsa da, onu qarşıdan gələn ad günü münasibətilə indidən təbrik edirəm!

Elman Eldaroğlu
OXŞAR XƏBƏRLƏR