"Onu öz balam kimi sevirəm. Sadəcə, istəyirdim ki, normal böyüsün, yaxşı tərbiyə alsın".
Dayə özünə haqq qazandırmağa çalışsa da, ona inanan olmayıb. Çünki bu qadın ona etibar edilmiş körpəni vəhşicəsinə döyüb.
Hadisə Rusiyanın Krasnodar şəhərində baş verib.
45 yaşlı Qalina Sıçova işə qəbul olunmaq üçün rezümesində yazmışdı: "Böyük iş təcrübəsinə malik pedaqoqam və istənilən uşaqla dil tapa bilərəm".
Bu rezüməyə inanan Yuliya Qots da dayəyə müraciət etmiş, onu evinə çağırmışdı.
32 yaşlı Yuliya 2 yaşlı oğlu Vladislavı dayəyə tapşırmışdı.
Lakin bir neçə ay sonra ana oğlunun davranışında ciddi dəyişiklikləri sezib. Balaca Vladislav böyüklərdən qorxur, otaqdan bayıra çıxmaq istəmirdi.
Şübhələnən ana uşağın otağına kiçik videomüşahidə kamerası yerləşdirdi.
Kamerada isə dəhşətli kadrlar vardı.
45 yaşlı dayə balaca Vladislavı döyür, yumruqlayırdı.
Sonra isə o, uşağı "islah etmək" məqsədilə otaqda qoyaraq qapını çöldən bağlayırdı.
"Sən demə, bu dayə oğlumu ən kiçik "səhv"ə görə döyürmüş. Son görüntülərdə isə oğlum tumanını islatdığı üçün dayə Vladislavı yumruqlayıb", - Yuliya Qots bildirib.
Həkimlər uşağın bədənində çoxsaylı göyərmələr aşkarlayıblar. Amma Vladislavın məruz qaldığı psixoloji travmaların müalicəsi üçün xeyli vaxt gərəkdir. Reabilitasiya kursunun uzun müddət davam edəcəyi vurğulanır.(milli.az)