Dünya mətbuatının nəbzini tutan, Rusiya mediasının isə damarına işləyən "Crocus City Hall” ticarət mərkəzindəki konsert zalında törədilmiş qorxunc terror aktı hər birimizin yadındadır.
Həmin dəhşətli hadisədən dərhal sonra İŞİD terror qruplaşması yaranmış bu iğtişaşlı hadisəni öz üzərinə götürdü. Rusiya hökuməti isə bu amansız təxribatda Ukraynanı günahlandırdı və intiqamını bu ölkənin şəhərlərindən aldı.
Bir neçə gün sonra isə törədilmiş kütləvi qətliamda ölkəmiz ittiham edildi.
Lakin Rusiya tərəfindən bunu yalnız teleaparıcı Vladimir Solovyov bəyan etdi.
Məsələ burasındadır ki, məlum terror aktında Azərbaycanın izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır.
Solovyov özünün eyhamları ilə ölkəmizə qarşı münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun absurd təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur.
Solovyovun "Crocus City Hall”da törədilmiş faciəvi təxribata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişəni alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir.
Solovyovun Rusiya cəmiyyətində yaratdığı feyk ittihamlar və mənasız çağırışları rusları bir daha azərbaycanlılara qarşı qoymaq məqsədi güdür.
Özünü jurnalist, xüsusən də teleaparıcı kimi qələmə verən şəxsin bu cür hərəkətləri və anti-Azərbaycan mövqeyini daşıması beynəlxalq hüququn norma və etik kodekslərinə, habelə jurnalist peşəsinə, onun nüfuzuna ciddi xələl gətirir.
Bundan savayı, Solovyovun "Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyinin daha bir bariz nümunəsidir.
Bu addım isə birbaşa Solovyovun xaricdə və Rusiyada yaşayan erməni habelə ermənipərəst milyarderlərdən, o cümlədən erməni diasporundan maliyyələşdiyinin göstəricisidir.
İlkin Mustafayev