Somalinin paytaxtı Moqadişuda mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının taleyindən ailə üzvləri xəbərsizdir. Yaralananların harada olmasından xəbərsiz olan ailə üzvləri onlarla telefon əlaqəsi də saxlaya bilmirlər.
Xatırladaq ki, martın 30-da Moqadişuda fəaliyyət göstərən Türk Özəl Liseyinin mikroavtobusuna edilən silahlı basqın nəticəsində 5 nəfər öldürülüb, 6 nəfər yaralanıb. Ölənlər türk liseyinin müəllim, şagird və digər işçiləri olub.
Ölənlərdən biri 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, İsmayılova Kəmalə Savalan qızıdır. Digər ölənlər türkiyəli müəllim Hıdır Çalka, mikroavtobusun sürücüsü, liseyin mühafizəçisi və tərcüməçisi olub. Məlumata görə, ölənlər arasında uşaq yoxdur.
Ölkə mətbuatında yaralananlar arasında Kəmalə İsmayılovanın uşaqları 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovun da olduğu bildirilir.
Kəmalə İsmayılova 1 il 6 ay imiş ki, Somalidə müəllimə işləyirmiş. Həyat yoldaşı Əflatun İsmayılov isə tərcüməçi olaraq çalışırmış. Azərbaycanlı ailə Somaildən əvvəl Türkiyədə liseylərdən birində işləyirmişlər.
Somalidəki liseyin direktoru Azərbaycan vətəndaşı Bülənt Ərgünəşdir. O, Əflatun İsmayılovun yeznəsidir. Kəmalə İsmayılova əslən Mingəçevir şəhərindəndir. Əflatun İsmayılov isə Göyçayın Ləkçılpaq kənd sakini olub.
Ə.İsmayılovun əmisi Arif İsmayılov musavat.com-a açıqlamasında bildirdi ki, hazırda qardaşı oğlunun və uşaqlarının harada olmasından xəbərsizdirlər: “Hər kəs onlardan xəbər gözləyir. Bildiyimiz elə mətbuatdan oxuduğumuzdur. Əlaqə saxlaya bilmirik. Kəmalənin də ailə üzvləri Mingəçevirdən gəliblər. Hamımız kənddə onlardan xəbər gözləyirik. Deyirlər ki, Əflatunun da vəziyyəti pisləşib. Heç kimdən məlumat öyrənə bilmirik. Uşaqlar necədir, xəbər ala bilmrik ”.
Arif İsmayılov onu da qeyd etdi ki, Türkiyənin Xarici İşlər Nazirliyindən ailə üzvlərinə verilən məlumata görə, Kəmalə İsmayılovanın cənazəsi sabah Azəbaycana yol salınacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev musavat.com-a bildirdi ki, Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumatda yalnız Kəmalə İsmayılovanın vəfat etməsi qeyd edilir.
H.Hacıyevin sözlərinə görə, K.İsmayılovanın uşaqlarının yaralanamsı və həyat yoldaşının vəziyyətinin pisləşməsi ilə bağlı heç bir məlumat yoxdur: “Rəsmi məlumat yalnız Kəmalə İsmayılovanın vəfat etməsidir. Digər rəsmi məlumat yoxdur. Əgər bu barədə məlumat olarsa, açıqlama veriləcək”.
Türkiyə mətbuatı silahlı basqının edildiyi mikroavtobusun fotolarını da yayıb.
![](/file/pic/xeber/2016-03-31/12606.jpg)
![](/file/pic/xeber/2016-03-31/12608.jpg)
![](/file/pic/xeber/2016-03-31/12612.jpg)
![](/file/pic/xeber/2016-03-31/12615.jpg)