"Son 100 ildə türk tarixində ən şanlı qələbə Azərbaycanın Vətən müharibəsindəki zəfəridir" - Türkiyəli general

"Son 100 ildə türk tarixində ən şanlı qələbə Azərbaycanın Vətən müharibəsindəki zəfəridir" - Türkiyəli general
SİYASƏT
15:08 04.11.2025
514
8 Noyabr – Zəfər Günü xalqımızın qürur və şərəf günüdür. 44 gün davam edən Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanın gücünü, birliyini və iradəsini bütün dünyaya göstərdi. İndi isə həmin Zəfərdən 5 il ötür. İşğaldan azad olunan torpaqlar dirçəlir, dağıdılmış kəndlər yenidən qurulur, yollar çəkilir, məktəblər, evlər, məscidlər bərpa olunur. Qarabağda həyat yenidən başlayır. Bu gün biz təkcə keçmişin qələbəsini deyil, gələcəyin ümidini də qeyd edirik. Hər bir tikilən bina, səslənən uşaq gülüşü, açılan bayraq o müqəddəs Zəfərin davamıdır.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində bildirdiyi kimi bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz AZXEBER.COM-a açıqlamasında bildirib ki, son yüz ilin Türk tarixində ən şanlı və ən mənalı qələbə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir:

"Türk tarixində ən şanlı və ən mənalı qələbə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin alın təri ilə yoğrulub. Azərbaycan yalnız öz milli güc amillərinə söykənərək "Qarabağ Azərbaycandır” deyə bu qələbəni qazanmışdır.
Bu zəfər xalqın, dövlətin və Ali Baş Komandanın yüksək siyasi və hərbi liderliyinin nəticəsidir. Bu, həm NATO, həm də Varşava konsepsiyalarının taktiki cəhətdən birləşdiyi, müasir və sürətli döyüşlərə nümunə olan, cəsarətin, qəhrəmanlığın və vətən sevgisinin ən yüksək səviyyəyə çatdığı bir zəfərdir”.

Ekspert deyib ki, bu qələbə təkcə Azərbaycanın deyil:

"Bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. 300 milyonluq Türk dünyası Azərbaycanın qazandığı bu uğurdan böyük qürur və sevinc hissi keçirir. Bu, eyni zamanda, güclünün haqlı sayıldığı bir dünyada, Azərbaycanın öz milli gücü, ordusu, xalqı və dövləti ilə qazandığı ədalət zəfəridir. Bu qələbə həm də taktiki və texniki baxımdan müasir silah sistemlərinin inteqrasiyası ilə qazanılmış, yeni döyüş doktrinasının formalaşmasına səbəb olmuşdur. Bu zəfər Türk dünyasının dirçəlişinə və birliyinə təkan vermiş, 2009-cu il Naxçıvan Anlaşmasının davamı kimi Türk Dövlətləri Təşkilatına və Şuşa Bəyannaməsinə yol açmışdır”.

Y.Karauz vurğulayıb ki, bu zəfər həm hərbi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır:

"Azərbaycanın çoxəsrlik tarixi boyunca əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu il zəfərin 5-ci ildönümü qeyd olunur. Keçiriləcək Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, quru, dəniz və hava qüvvələrinin komandirləri və hərbi birləşmələr iştirak edəcəklər. Türkiyə Azərbaycanın sevincinə ortaq olacaq. Zəfər Paradında Azərbaycan yeni silah sistemlərini, birliyini, həmrəyliyini və "dəmir yumruğunu” nümayiş etdirəcək. Zəfərimiz mübarək olsun - yeni zəfərlərdə görüşmək ümidi ilə!”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR