"Bizim zəif yerlərimizdən biri xarici ölkələrin icra və qanunvericilik orqanlarında yaxşı təmsil olunmamağımızdır” – bu fikirləri Prezident İlham Əliyev 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında səsləndirmişdi. Ölkə başçısının elə həmin qurultayda qarşıya qoyduğu hədəflərə uyğun olaraq ötən 5 il, xüsusilə də son 3 il ərzində xaricdəki azərbaycanlılar və diaspor təşkilatları ilə düzgün koordinasiyanın qurulması, diasporumuzun akademik fəaliyyətə keçməsi, lobbiçilik işinin gücləndirilməsi istiqamətində atılan strateji addımların nəticəsi olaraq soydaşlarımızın ictimai-siyasi proseslərdə fəallığını da müşahidə etmək mümkündür. Əslində Azərbaycan diasporunun lobbiçiliyə doğru addımlaması, bunun ən böyük bir hədəf kimi qarşıya qoyulması yenilik deyil və addım-addım da olsa, irəlidə görünən perspektivlər qaneedicidir.
AZXEBER.COM xəbər verir ki, iyunun 13-də Finlandiyada keçrilən bələdiyyə seçkilərində "Azər-Türk" Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın böyük uğuru da bu fəaliyyətin bir halqası kimi dəyərləndirilə bilər. Sosial-Demokrak Partiyasının təmsilçisi olaraq seçkiyə qatılan həmyerlimiz Kirkkonummi şəhərinin bələdiyyə sədrinin müavini seçilib. Ülviyyə Cabbarova Helsinki şəhərində miqrantların qəbulu mərkəzində çalışır, bir neçə xarici dildə sərbəst danışır, Finlandiyanın ictimai-siyasi və mədəni həyatında, eləcə də Azərbaycan diaspor hərəkatında fəal iştirak edir. Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, incəsənətinin Finlandiyada təbliği məqsədilə çoxsaylı layihələr həyata keçirir. Ötən il "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Bir müddət öncə soydaşımız Kamran Balayevin London meri seçkilərinə qatılması da Azərbaycan diasporunun güclənməsinin, diaspor fəaliyyətinin görünməyən tərəflərinin uğurlarının təsdiqidir. Böyük rəqabət şəraitində keçən bu seçkilərdə iştirak etmək ölkəmizin təmsilçiliyi, onun maraqlarının təqdim və müdadfiə olunması baxımından böyük hadisədir, hətta Azərbaycan diasporunun 30 illik mücadiləsində lobbiçiliyin əsaslarını qoyan tarixi irəliləyişdir.
İyunun 5-də Latviyada vilayətlər üzrə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələrək yenidən Valmeriya vilayət dumasına deputat seçilmiş soydaşımız Vüqar Ecmanis (İbrahimov) də qarşıdakı mer seçkilərinə hazırlaşır.
Bu günlərdə yayılmış bir xəbərdə isə İsveçdə yaşayan həmyerlimiz Turan Əliyevin Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin üzvü (jüriman) seçildiyi bildirilir. Ölkənin Mərkəz Partiyasının (Centerpartiet) bölgə üzrə nümayəndəliyi Turan Əliyevə etimad göstərərək, bu vəzifəyə onun namizədliyini irəli sürüb, bölgə parlamenti isə soydaşımızın namizədliyini səsvermə yolu ilə təsdiqləyib.
Norveçdə isə "Oslo Azərbaycan Evi"nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev ölkənin Borqartinq Apellyasiya Məhkəməsinin kollegial hakimi seçilib.
Bu seçki müddəti 2021–2024-çü illəri əhatə edəcək. Həmyerlimiz artıq kollegial hakim kimi ilk məhkəmə işində vəzifəsini icra edib.
Bir neçə gün sonra ABŞ-da Ramin Məmmədovun da qatıldığı Konqresin Nümayəndələr Palatasına seçkilər keçiriləcək.
Soydaşlarımızın yaşadıqları ölkələrdə aktiv ictimai-siyasi fəalliyyətlə məşğul olması, siyasi proseslərdə fəallığı ilə bağlı hər gün xəbərlər alırıq. Lakin hələki bu hadisələri sıradan bir məlumat olaraq qəbul edib, gündəmə çevirmirik. Amma artıq qəbul edilməlidir ki, belə məlumatlar Azərbaycan diasporunu lobbiçiliyə doğru irəlilədir və hədəfə çatmaq üçün son illərdə, daha dəqiqi son 3 ildə bunun üçün möhkəm baza formalaşıb. Özü də həmvətənlərimizin daha çox sayda yaşadığı və iqtisadi, sosial bazası daha dərin olan MDB dediyimiz məkanda deyil,(hərçənd ki, bu məkanda da uğurlar böyükdür) Avropa və Amerikada...
Təbii ki, bu, siyasi əhəmiyyətə malik hadisələr təsadüfdən deyil, aparılan ardıcıl fəaliyyətdən qaynaqlanır.
MDB və qardaş Türkiyədə bir az da irəli getmişik, desək yanılmırıq. Çünki ötən ilin noyabrında Ukraynada şəhər və vilayət şuralarına 10 nəfər azərbaycanlı deputat seçilib. Təxminən bir o qədər həmyerlimiz Rusiyanın yerli özünüidarəetmə orqanlarında təmsil olunur.
Bu ilin fevral ayında azərbaycanlı professor, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin rəhbəri Aygün Attarın Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına üzv təyin edilməsi də bu istiqamətdəki görünməyən uğurlarımızın davamıdır.
Deməli, yenə də təsdiqlənir ki, lobbiçiliyə aparan yol diaspor təşkilatlanmasının effektiv yollarla davam etməsindən, koordinasiya işini düzgün qurmaqdan və strateji məqsədlərin diaspor fəalları arasında lazımı səviyyədə təbliğ edilməsindən keçir...