Kultura + telekanalında yayımlanan "Zamanın çağırışı" verilişində "İslam və media" mövzusu müzakirə olunub.
AZXEBER.COM xəbər verir ki, verilişdə millət vəkili Aqil Abbas, QMİ-nin mütəxəssisi Hacı Valeh və AZXEBER.COM saytının baş redaktoru Hacıbəy Heydərli qonaq olub.
Milət vəkili Aqil Abbas sosial şəbəkələr haqda danışıb və həmin platformada milli mənəvi dəyərlərin pozulduğunu bildirib: "Sosial şəbəkələr xaricdən müəyyən qüvvələr tərəfindən idarə olunur. Baxırsan ki, kimsə bir fikir söyləyir və həmin an ora 3-4 min insan şərh yazır, insanları təhqir edir. Bu təsadüf ola bilməz".
Hacı Valeh də mətbuatı daha diqqətli olmağa çağırıb və açıq-saçıq xəbərləri yayımlamağı məsləhət görüb: "Qurani Kərim 15 ayədə qadın və kişi haqda onlara əmr edib ki, onlar öz zinət yerlərini örtsünlər. Qadının zinət yerləri qarşı tərəfdə şəhvət oyadır, kişilərə də əmr edir ki, belə şeyləri görəndə gözlərini yumsunlar. Bunlar haramdır. Ancaq biz görürük ki, insan üçün müqəddəs sayılan hər şey mediada göstərilir, bunlar yolverilməzdir".
Hacıbəy Heydərli isə çıxışında bildirib ki, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tədbirlər görülməlidir: "Çox təəsüf ki, bizim insanlar xəbərin başlığını oxuyaraq fikir bildirirlər. Çox az insan var ki, xəbərin içini oxuyur. Eyni zamanda sosial şəbəkə istifadəçiləri söyüşə, təhqirə çox maraqlıdırlar. Bu da təhsillə bağlı olan məsələdir, savadlı, dünyagörüşlü insan heç vaxt sosial şəbəkədə başqasını təhqir etməz".
Həmin verilişi təqdim edirik: