Sosial şəbəkələrdə təhqir və söyüşlər cəmiyyətin bəlasına çevrilir: Necə mübarizə aparaq?

ÖZƏL
16:33 27.01.2022
1476
Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial şəbəkələrdə şərəf və ləyaqətin alçaldılması, təhqir də insanların narahat olduğu məqamlardan biridir.

Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Bununla yanaşı, Azərbaycanda internetdən istifadəçilərin sayı da hər il artmaqdadır.

Lakin bir sıra şəxslər Azərbaycanda yaradılan bu şəraitdən sui-istifadə edir, hətta sosial şəbəkələrdə saxta profillər vasitəsilə dezinformasiyalar, qızışdırıcı, təxribat xarakterli məlumatlar yayırlar. Müxtəlif ad altında sosial şəbəkələrdə qeydiyyatdan keçənlər cəzasızlıqdan istifadə edərək, ictimai-siyasi fəalları, ölkənin tanınmış adamlarını təhqir etməkdən, onların şərəf və ləyaqətinin alçaldılmasına yönəlik addımlar atmaqdan da çəkinmirlər.
 
 

Milli Məclisin deputatı AZXEBER.COM-a açıqlamasında bildirib ki, təhqir, söyüş yolverilməzdir və bununla bağlı müvafiq qərarlar qəbul ediləcək:

"Sosial şəbəkələrdə elə bir kontingent peydə olub ki, onlar şəxsiyyətini gizlədirlər və müxtəlif saxta hesablar açaraq insanları təhqir edirlər. İnsanlar ilk növbədə təhqir və tənqidi bir-birindən ayırmağı bacarmalıdır. Səhv etmiş bir insanı etdiyi səhvə görə tənqid etmək olar, amma təhqir yolverilməzdir. Bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddə var. Çox çalışdılar ki, bu maddəni ləğv etsinlər. Təhqirin qarşısının alınması ilə bağlı yeni qanun lahiyəsi gözlənilir və mən inanıram ki, müvafiq qərar qəbul ediləcək”.

Arzu Nağıyev həmçinin TikTok sosial şəbəkəsində söyüş və təhqirlərin daha çox olduğunu bildirib və bu səbəbdən heç bir zaman istifadə etməyəcəyini söyləyib:

"Mənim TikTok hesabım yoxdur və nə zamansa da açmağı düşünmürəm. Çünki kimlərisə təhqir etmək üçün bu sosial platformadan istifadə edənlər çoxdur. Mənim işlərim həddindən artıq çoxdur, bu səbəbdən oranı idarə edə biləcəyimi düşünmürəm. Digər səbəbdənsə, siyasi mədəniyyət deyilən məsələ var. Mən istifadə etdiyim sosial şəbəkələrdən məmnunam".



 
İslahatçı Gənclər İctimai Birliyinin sədri, Editor.az xəbər saytının baş redaktoru Fərid Şahbazlı da AZXEBER.COM-a mövvzu ilə bağlı münasibətini bildirib.
 
Onun sözlərinə görə, insanlara cəza verməklə yox, sosial şəbəkələrdən doğru istifadə qaydalarını öyrətməklə sosial şəbəkələrdə istifadəsinə icazə verilməlidir:

"Bu gün cəmiyyətin bütün təbəqələrinin sosial şəbəkələrə çıxış imkanları var. Azərbaycan cəmiyyəti demək olar ki, virtuallaşıb. Lakin bu imkanlardan sui-istifadə edənlərə rast gəlinir. Bir çoxları sosial şəbəkəyə daxil olanda sanki, orada özlərindən başqasının olduğunun fərqinə belə varmırlar, heç bir etik normalara fikir vermədən istədikləri mövzuda istədiklərini yazır və paylaşırlar. Sözsüz ki, hər bir şəxsin sosial şəbəkələrdən sərbəst istifadə etmək, orada öz fikir və düşüncələrini yazmaq hüququ var.
 
Təşkilat sədri deyib ki, sosial şəbəkələr nəzarətsiz platformadır və qanunla tənzimləmə mümkün olmayacaq:  
 
"Sosial şəbəkələr nisbətən nəzarətsiz platformadır. Bunun nə texniki, nə də inzibati yolunu görmürəm. Sosial şəbəkələrlə bağlı hər hansısa bağlı qanun qəbul olunarsa belə, düşünmürəm ki, buna tam nəzarət olunsun. Çünki milyonlarla insan bu platformadan istifadə edir və bir-birini təhqir edir. Hesab edirəm ki, insanların maariflənməsi bu təhqirlərin qarşısını almağa kömək edər. İnsanlara sosial şəbəkələrin doğru istifadəsi necədir o öyrədilməlidir. Söyüş söyən bir-iki nəfər deyil ki, onlar qanun çərçivəsində cəzalandırılsın. Bunlar yüzlərlə, hətta minlərlədir. Hər hansısa qanunun qəbulu mənə görə mücərrəd görünür”.
 
Fərid Şahbazlı çıxış yolunu maariflənmədə görür: Bu gün əsas çıxış yolu maariflənmədir, insanlar anlamalıdır ki, söyüşlə, təhqirlə heç nəyə nail ola bilməyəcəklər. Sosial şəbəkədə daha keyfiyyətli yayımlar olmaıdır ki, söyüşlər də azalsın. Məncə bu işdə medianın da üzərinə böyük iş düşür. Mətbuat nümayəndələri də bu işdə aktiv olmalıdır və cəmiyyəti maarifləndirməlidir ki, söyüş, təhqir yolverilməzdir. 

Ayşən Mirzəyeva

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlıqlarının, plüralizmin inkişaf etdirilməsi; mövzusu üzrə dərc edilib.
 


OXŞAR XƏBƏRLƏR