Sosial şəbəkələrdəki dərəbəyliyə, söyüşə, təhqirə son qoyulur

Sosial şəbəkələrdəki dərəbəyliyə, söyüşə, təhqirə son qoyulur
SOSİAL
22:42 16.11.2016
2042
Baş prokuror Zakir Qaralov Milli Məclisə bununla bağlı təkliflər göndərib 

Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən bir neçə il sonra ölkəmizdə fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub. Hazırda Azərbaycanda 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet və jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım firmaları sərbəst fəaliyyət göstərir. 

Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Bununla yanaşı, Azərbaycanda internetdən istifadəçilərin sayı da hər il artmaqdadır. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə ölkəmiz orta dünya göstəricisini təqribən 2 dəfə qabaqlayır. Hazırda ölkə üzrə əhalinin 80 faizə yaxını internet, 70 faizi genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 80 faizə qədərinin də internetə çıxışı var. Bu da imkan verir ki, ölkə əhalisi həm də sosial şəbəkələrdən geniş istifadə edə bilsin. Cari il yanvar ayının 1-ə olan statistikaya görə, ölkədə təkcə Facebook-dan 1,7 milyon əhali istifadə edir. Sadalanan bu faktlar da Azərbaycanda söz-mətbuat azadlığının təmin olunmasının, insanların tam məhdudiyyətsiz internetdən istifadə etməsinin əyani göstəricisidir. Lakin əfsuslar olsun ki, bir sıra şəxslər Azərbaycanda yaradılan bu şəraitdən sui-istifadə edir, hətta sosial şəbəkələrdə saxta profillər vasitəsilə dezinformasiyalar, qızışdırıcı, təxribat xarakterli məlumatlar yayırlar. Müxtəlif ad altında sosial şəbəkələrdə qeydiyyatdan keçənlər cəzasızlıqdan istifadə edərək, ictimai-siyasi fəalları, ölkənin tanınmış adamlarını təhqir etməkdən, onların şərəf və ləyaqətinin alçaldılmasına yönəlik addımlar atmaqdan da çəkinmirlər. Təbii ki, belə vəziyyət arzuolunan deyil və tənzimlənməyə ehtiyac var idi.

Məhz bu zərurətdən irəli gələrək, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib. Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni maddənin "Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. 

Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir. Baş prokuror Z.Qaralov əsaslandırmasında qeyd edib ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır: ""Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”.

Baş prokuror Z.Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təkliflə də çıxış edib. Həmin layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir. Qanunun 323.1-1 maddəsinə əlavələrin edilməsi barədə təklifdə isə qeyd olunur ki, bu maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, qanunlara əlavələrlə bağlı edilən təkliflər Milli Məclisdə qəbul ediləcəyi təqdirdə, Azərbaycanda internet informasiya ehtiyatında saxta profil və adlarla yalan məlumat yayan, təhqir və təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Eyni zamanda, internetdə Azərbaycan prezidentini təhqir etmə, şərəf və lәyaqәtini ləkələmə, yaxud alçaltma cəhdi də cinayət məsuliyyəti yaradacaq.
 
"Azvision.az” xəbər saytının baş redaktoru, aktiv sosial şəbəkə istifadəçisi Vüsal Məmmədov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında qanunlara təklif edilən əlavələri ikiəlli dəstəklədiyini bildirib. Üstəlik, qeyd edib ki, bu, bir qədər gecikmiş addımdır. Onun sözlərinə görə, təkcə saxta profilləri yox, bura gizli idarə olunan Facebook səhifələrini, bloqları da əlavə etmək lazımdır: "Çünki bu sahədə tam dərəbəylik hökm sürür. Kimisə təhqir etmək, qara yaxmaq bir Facebook profili yaratmaq, bir "page” açmaq səviyyəsinə qədər asanlaşıb və adiləşib. İnsanlar sosial şəbəkədə yazdıqlarının məsuliyyətini dərk edə bilmirlər. Elə bilirlər ki, ora ancaq hərflər və şəkillərdən ibarət virtual bir aləmdir, real dünyada etmədiklərini orada edə bilərsən. Kütləyə başa salmaq lazımdır ki, elə deyil, sosial şəbəkələr virtual dünya yox, yaşadığımız real həyatın onlayn davamıdır. Ona görə də, onlayndakı davranışlar ən azı real həyatdakı qədər, hətta daha da artıq məsuliyyət doğurmalıdır. Sərt cəza və cərimələr olmalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev də sosial şəbəkə istifadəçisi kimi orada baş verən bəzi arzuolunmaz halları müşahidə etdiyini dilə gətirib. O, bir sıra hallarda sosial şəbəkədə təhriflərlə yanaşı, təhqirlərə də yol verildiyini söyləyib. Qeyd edib ki, sahibi doğru-düzgün bəlli olmayan saxta profillər, xüsusən də dünyasını dəyişmiş tanınmış şəxslərin adı ilə açılmış profillərdən kimlərinsə şərəf və ləyaqətinin alçaldılması sayılacaq fikirlər ictimailəşdirilir. Şöbə müdiri bunu yolverilməz hal kimi dəyərləndirib və belələrinin qanun çərçivəsində məsuliyyət daşımasını vacib sayıb: "Əgər kimsə haqlı tənqid edilirsə, obyektivlik gözlənilirsə, bu, normal haldır. Amma tənqid adı altında kimlərinsə şəxsiyyətini təhqir etmək, alçaltmaq qətiyyən yolverilməzdir. Bütün bunları nəzərə alsaq, Baş prokurorun təkliflərini yerində olan addım kimi qəbul edirəm. Lakin qanunvericiliyə bu məzmunda dəyişiklik edilərkən elə addım atılmalıdır ki, bu, sonradan Azərbaycanın ziyanına işləyə biləcək hal kimi dəyərləndirilməsin. Yəni, qanuna ediləcək dəyişikliklər ölkədə azad fikrin, informasiya əldə etmək azadlığının boğulmasına, insanların ümumi fikir bildirmək istəyinə mənfi təsir etməsin. Yaxud, elə edilməlidir ki, sonradan hansısa hüquq-mühafizə orqanı əməkdaşı istənilən bir şəxsin hər hansı fikrini təhqir və sair kimi qiymətləndirməsin, buna görə onu nahaq yerə məsuliyyətə cəlb etməsin. Düşünürəm ki, məsələyə bu kontekstdən yanaşsaq, qanuna təklif edilən əlavələrdə sərhədləri müəyyənləşdirmək olduqca çətin məsələdir. Burada subyektivlik çoxdur. Hətta elə ola bilər ki, ömrü boyu psevdonimdən istifadə edən hansısa şəxs təhqirə yol vermədiyi halda o, təhqirə yol verməkdə günahlandırıla bilər. Bu da yaxşı hal kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, elə etmək lazımdır ki, sui-istifadə hallarına, təhqirə qarşı tədbirlər görülərkən, bu, azad sözün, fikrin məhdudlaşdırılması, boğulması anlamına gəlməsin. Çünki, Azərbaycan beynəlxalq aləmdə söz və mətbuat azadlığının təmin olunduğu demokratik, hüquqi, müasir dövlət kimi tanınır. İstəməzdim ki, ehtiyatsızlıqdan, yaxud subyektiv mülahizədən irəli gələrək, Azərbaycanın imicinə hər hansı formada xələl gəlsin”. // Kaspi qəzeti


OXŞAR XƏBƏRLƏR