Sentyabrın 24-də "Gələcəyə Baxış” Avropaya İnterqasiya İctimai Birliyi tərəfindən həyata keçirilən "Ailə problemlərində sosial şəbəkələrin rolunun tədqiqi” layihəsinin Bakı şəhərində yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Bəsti Nəsibova qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Mingəçevir, Yevlax, Gəncə və Tovuzda seminarlar keçirilib. "Seminarlarda diqqətimizi ən çox məqam o oldu ki, orta və yaşlı nəsil gənclərin sosial şəbəkələrdən həddindən artıq çox istifadə etdiyini, onlardan məlumat almaq üçün deyil, yazışmalar üçün daha çox istifadə etdiyini qeyd edir. Seminarlda iştirak edən müəllimlər şagirdlərin dərsə mobil telefon gətirməkdən çəkinmədiyini də qeyd edib. Bunun əksinə olaraq şagird və tələbələr internet və sosial şəbəkələrdən onlara lazım olan məlumatların əldə edilməsi, dərs vəsaitlərinin elektron formasından yararlanmaq üçün istifadə etdiklərini qeyd edir”, - B.Nəsibova qeyd edib.
İB-nin sədri vurğulayıb ki, keçirilən seminarlar və aparılan müşahidələrimiz göstərir ki, gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsi üçün maarifləndirmənin aparılması vacibdir: "Bunun nəticəsində gənclər sosial şəbəkələrdən faydalı müzakirələr, təhsil və dünyagörüşlərini artırmaq, hətta kiçik biznesini qurmaq üçün istifadə edə bilər. Bunun nəticəsində internet resurslarından səmərəsiz istifadənin qarşısını alacaq və şəbəkələrdən doğru istifadəyə şərait yaradacaq.”
Psixoloq Gülnarə İnanc deyib ki, bu gün insanların əksəriyyəti həyatlarını sosial şəbəkələrsiz təsəvvür etmirlər: "Amma bunun da xeyirli və ziyanlı tərəfləri var. Dünya psixoloqları deyir ki, informasiya axını çoxdur, insanın bu qədər informasiyanı oxuması və öyrənməsi çətindir. Müasir psixologiya deyir ki, sosial şəbəkələr və telefona bağlılıq narkotik kimi zərərlidir. Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir".
"Bu da insanları real həyatdan qoparır. Özünə qapanır, öz dünyasını yaradır və sonradan canlı ünsiyyətdən qaçır. Bunlar da insan psixologiyası üçün çox ziyanlıdır. Xüsusilə gənclər bu problemlərin içindədir. Çünki onlar daha çox sosial şəbəkələrdə daha çox istifadə edir. Sosial şəbəkələrdə uşaqlara aid olmayan oyun növləri yaradılır və bu da uşaqların psixologiyasına təsir edir. Ailədə qadın və kişi sosial şəbəkələrdə vaxt itirir və bu da ailənin inkişafına təsir edir və hətta boşanmaya səbəb olur" – deyə psixoloq əlavə edib.
BDU-nun dekan müavini Sevinc Əliyeva da sosial şəbəkələrin günün ən aktual problemlərindən biri olduğunu vurğulayıb: "Mən tələbələrimə dərs deyəndə telefonu söndürürəm və tələbələri də 90 dəqiqə telefondan qopmalarını istəyirəm. Sosial şəbəkələr insanlarda cəsarəti itirir, üz-üzə danışmaq qabiliyyətini yoxa çıxır və mərdlikdən uzaqlaşdırır. Hər şey qədərində gözəldir. Ona görə sosial şəbəkələrdən həddində istifadə etmək lazımdır".
Əsgər ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı da çıxışında sosial şəbəkələrin gənclər, xüsusi ilə də ailələr üçün yaratdığı fəsadlardan danışıb, bunun qarşısını almaq üçün təkliflər irəli sürüb.
Seminar müzakirələrlə davam edib.