Mayın 24-də "Sosial şəbəkələrdə milli maraqların qorunması” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
AZXEBER.COM xəbər verir ki, qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib. Seminarda çıxış edən BDU-nun Tədris Studiyasının müdiri Ramin Rzayev bildirib ki, sosial şəbəkələr bu gün bir çox insanın istifadəyə etdiyi və ölkədə, eyni zamanda dünyada baş verən hadisələrlə bağlı gündəmi izlədiyi bir məkana çevrilib.
Burada insanlar gündəlik yaşamında qarşılaşdırqları hadisə ilə yanaşı maraqlı hesab etdikləri məlumatları da bölüşürlər. Qeyd edilib ki, bəzən gənclər paylaşılan bir məlumatın başlığına, onun yaradacağı narahatçılığı düşünmür. Ona görə də, məlumat paylaşan zaman onun ictimai əhəmiyyəti, hansı kateqoriyadan olan insanların oxuyacağı, yeniyetmə və gənclərdə hansı təsirləri yaradacağı da nəzərə alınmalıdır. Ramin Rzayev bildirib ki, sosial şəbəkələrdə məlumat paylaşan zaman xüsusi diqqət ölkənin ictimai-siyasi həyatında baş verən önəmli hadisələrə yönəlməlidir.
Artıq Azərbaycan yerli və beynəlxalq idman yarışları, konfransların keçirildiyi bir məkana çevrilib. Bir çox böyük tədbirlər öncəsi müxtəlif qruplar tərəfindən qarayaxma kampaniyası həyata keçirilir. Gənclərimiz bu cür təxribati addımlardan uzaq olmalı, əsasən dövlətin maraqlarına cavab verən mövqedən çıxış etməlidir. Beynəlxalq tədbirlər öncəsi ölkəmizin imicinə zərər vura biləcək hərəkətlərdən qaçınılmalı, ətrafımızda olan insanları da bundan uzaq tutmalıyıq. Daha sonra jurnalistika fakültəsinin müəlliməsi Xatirə Hüseynova çıxış edib. Onun sözlərinə görə, bütün dünyada müxtəlif sahələrlə əlaqədar informasiya müharibəsi gedir. Bu mübarizənin əsas məkanlarından biri də sosial şəbəkələrdir. Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif qruplaşmalar yalan, təsdiqlənməmiş məlumatlardan istifadə edərək ölkənin imicinə, beynəlxalq arenada mövqeyinə zərbə vurmaq istəyir. Bəzi qruplaşmalar saxta hesablar yaradaraq "troll”luq edir. Bu cür qruplar ictimaiyyət arasında müəyyən çaşqınlıq yaratmağa çalışır. Bir nəfər bir neçə saxta hesab yaradaraq həyata keçirilən işə kölgə salmağa, yalançı "narazı” təbəqə formalaşdırmağa çalışır.
O qeyd edib ki, təsdiqlənməmiş məlumatların sosial şəbəkələrdə yayımlanmasının ictimai narazılığa və əsassız etirazlara səbəb olur. Belə ki, qarşıdakı günlərdə Bakıda keçiriləcək yarışla bağlı bir neçə əsassız informasiya yayımlanıb. Bu məlumatlarla bağlı verilən rəsmi reaksiya onların əsassız olduğunu sübut edib. İctimaiyyət xüsusi ilə, böyük tədbirlər zamanı dövlət maraqlarına, imicinə ziyan vurmaq istəyən şəxslərə qarşı diqqətli olmalıdır. Dövlət maraqlarını üstün tutaraq vətəndaşların, xüsusi ilə gənclərin ölkəmizin maraqları baxımından çıxış etməsi təşviq edilməlidir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb. Dövlət maraqlarının müdafisəi baxımından həyata keçirilməli olan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.