Stereotip baxışların faciəsi: Ərəbşünaslıqdan “hərşeyşünaslığa” doğru

Stereotip baxışların faciəsi: Ərəbşünaslıqdan “hərşeyşünaslığa” doğru
SOSİAL
16:13 04.03.2019
3623
Streotip baxışların faciəsi  
 
Bu gün Qafqazda ötən əsrin 30-cu illərində stalinizmin mirası olan türk xalqlarını inkar siyasətinin tərəfdarları yenidən hərəkətə keçiblər. Bu köhnə stereotipdən uzaqlaşa bilməyən bir zəka ilə qaraçay-balkar, noqay, kumık, azərbaycanlıların və ahısqalıların varlığını etnoloji baxımdan inkar siyasəti göz önündədir. Xüsusilə arxeologiya, etnoqrafiya, tarixşünaslıq elmində nəzəri və praktiki baxımdan total şəkildə saxtalaşdırma siyasəti yürüdənlər daha da fəallaşıblar.
 
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini, "Orta Asiya, Qafqaz və Ural-Volqa Regionlarının Öyrənilməsi Mərkəzi”nin rəhbəri, "Central-Eurasia.com” analitik informasiya portalının təsisçisi, Rusiya Dövlət Dumasında "Vətəndaş Cəmiyyəti, İctimai Məsələlər və Dini Birliklər Komitəsi”nin yanında ekspertlər şurasının üzvü və digər qurumlarda "ekspert” statusu ilə təmsil olunan Ələkbər Qalabəyoviç Ələkbərov adlı birisi faktiki olaraq, Azərbaycanın tarixinə və bugünkü mövcudluğuna qarşı "şübhə toxumu” səpənlərdən biri kimi tanınır. Bu tip "kadrların” sayəsində Azərbaycan və Rusiya arasında daim anlaşılmazlıqlar meydana gəlir.

Ərəbşünaslıqdan "hərşeyşünaslığa” doğru

Məşhur ilahiyyat alimi, "Reyhan əl Həqaiq və Bustan əd Dəqaiq” fəlsəfi traktakın müəllifi kimi XI-XII yüzilliklərdə tanınan Əbu Bəkr Məhəmməd əd Dərbəndinin yaradıcılığı haqqında elmi iş müdafiə edən Ələkbər Ələkbərov ərəbşünas alim kimi Dağıstanda belə məşhurlaşdı. Halbuki Əbu Bəkr Dərbəndi mənşəcə tarixi mənbələrin də sübut etdiyi kimi türkdür. Ə. Ələkbərovun son illər Orta Asiya, Qafqaz və Volqa-Ural regionlarında VII-XIV yüzilliklərdə islamın təşəkkül tapması barəsində bir sıra elmi əsərləri çap olunub.
 
Bizim bu elmi əsərlərlə demək olar ki, heç bir elmi-tənqidi fikrimiz yoxdur. Ancaq "Qafqaz Albaniyası”, "Qafqazşünaslıq”, "Azərbaycanşünaslıq” və regionda mövcud olmuş dövlətlərin tarixinin, burada yaşayan xalqların etnokulturoloji müstəvidə mövcudluğunun inkarı qəbuledilməzdir. Ə. Ələkbərovun imzası ilə çap olunan "Orta Asiyada və Qafqazda transformasiya və konfliktlər”, "Xəzərlər: mif və tarix”, "Dağıstan və müsəlman Şərqi” kitabları və Dağıstanda islam tarixi ilə bağlı yazdığı elmi məqalələrini əsla qəbul etmək mümkün deyil. Çünki bu əsərlərdə azərbaycanlıların tarixi missiyasının inkarı başlıca leytmotivə çevrilib.

Bütün bunlar azmış kimi, son illər Ə. Ələkbərov erməni mənbələri əsasında "albanşünaslıq” elminə baş vurub. Onun yazdığı "Qafqaz-Alban əlifbası xristian xalqları üçün yeni yazılı örnək kimi”, "Ereti və Balasakan: Şərqi xristian dünyasının etnik sərhədlərinin tərkib hissəsi” (bu əsəri Paryur Muradyanla birgə yazıb, 2016-cı ildə İrəvanda nəşr olunub), "Qafqaz Albaniyası və ləzgi xalqları: Aktual poroblemlər, yeni diskussiyalar” (2015-ci ildə nəşr olunub), "Qafqaz Albaniyası xalqları və dilləri”, "Azərbaycan ən qədim tarixi dövrlərdən 1813-cü ilə kimi”, "Hülakilər Cənubi Dağıstanda” adlı əsərləri həqiqətin inkarı notları üzərində yazılmışdır. Həmin əsərlərdə Dağıstan, Azərbaycan və Gürcüstanda azərbaycanlıların milli varlığı tamamilə inkar olunur. Stalinizmin mirası olaraq azərbaycanlıların guya orta əsrlərdə Orta Asiyadan gəlmə və köçəri bir xalq olması iddia edilir. Beləliklə də müəllif "sübut” etməyə çalışır ki, tarix boyu azərbaycanlılar bir etnos kimi mövcud olmamışlar və bu xalq köçəri tayfaların yığnağından formalaşıbdır. Rusiya Federasiyası və Dağıstanın elmi dairələrində sanki ermənilərin sözçüsü statusu ilə çıxış edir. Onun "ərəbşünas”, "Yaxın Şərq”, "islamşünas”, yeri gələndə "albanşünas” və digər statuslarda çıxış etməsi gerçəkdən üzücüdür. Bəzən konfliktoloq statusunda görünməsi isə elm aləmi üçün əsil faciədir. Buna sadə dildə "hərşeyşünaslıq” deyilir.

"Bölünmüş xalqlar” ideyası ilə siyasi alver

2015-ci ildə Moskvada nəşr edilmiş "Qafqaz Albaniyası” kitabının I cildi başdan-başa Azərbaycan dövlətçiliyi və tarixşünaslığına qarşıdır. Bu kitabda daha çox erməni alimlərinə istinad edilməsi də təsadüfi deyil. Ona görə ki, kitabın əsas sponsoru və Azərbaycan dövlətinə qarşı daim etnik separatizm ideyalarını təbliğ edən, "Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyatı Mərkəzi”nin prezidenti Arif Kərimovdur. Ələkbər Ələkbərov kitabın nəşrindən sonra "albanşünas” missiyası ilə çıxış etməklə yanaşı, həm də "bölünmüş xalqlar” proyektləri əsasında Azərbaycan dövlətinə qarşı siyasi təhlillərlə çıxış etməyə başlayıb. Onun çıxışları sanki İrəvanda hazırlanıb. Həmin çıxışlardan belə qənaətə gəlinir ki, guya ləzgi xalqının Azərbaycanda hüquqları pozulur və zor gücünə assimilyasiyaya məruz qalırlar.
 
Ə. Ələkbərova tutarlı elmi cavablar verilmədiyi üçün, o bundan ruhlanaraq "bölünmüş xalqlar konsolidasiya şəklində həyati problemləri birlikdə həll etməlidirlər” tezisi ilə davamlı olaraq çıxışlar edir: "Azərbaycan Respublikasının şimal regionlarında ləzgi və avar xalqlarının hüquqlarının tanınması üçün, yerli dillərə dövlət statusu verilməlidir. "Ləzgistan” və "Avarstan” bayraqları isə, rəsmən tanınmalıdır. Bu həm də yerli avtoxon xalqların hüququdur. Mən şəxsən Qafqaz Albaniyası tarixi məsələsində Eduard Xurşidyanın elmi konsepsiyasına üstünlük verirəm. Çünki, Qafqaz Albaniyası və Arşakilər tarixi indiki "Ləzgistan” ideyasının tarixi kökləridir. Bu barədə Armen Petrosyanın elmi tədqiqatları bizim üçün əsil örnəkdir”.
Bu kimi fikirləri tirajlamaqla Ə. Ələkbərov faktiki olaraq Ermənistanın Azərbaycan dövlətinə qarşı gündəmə gətirmək istədiyi "etnik separatizm” ideyalarının inkişaf etdirir. Çünki Rusiyada ermənilərə məxsus bir sıra banklar və biznes dairələri də bu tip ideyaların maliyyələşdirilməsində yaxından iştirak edirlər. Son illərdə Cənubi Qafqazda, xüsusilə Azərbaycan və Gürcüstanda ermənilərin mövqelərinin maraqlarının tamamilə yox olması, onların regional müstəvidə güclərinin sıfıra enməsi deməkdir. Buna görə də bəzi xalqların nümayəndələrini dolayı yolla ələ alaraq onlardan təsir vasitəsi kimi istifadə etməyə çalışılır.

Tarixi gerçəklikin aydın üzü

Tarix boyu Qafqazda azərbaycanlılar və ləzgilər birgə yaşayıblar. Bu iki qardaş xalqa qarşı çıxmaq, əslində ətlə dırnağı bir-birindən ayırmaq deməkdir. Ləzgi xalqının dahi övladları olan Əbdülrəşid ibn Salih, Gülgər, Şeyx Məruf Küraxlı, Məhəmməd Yaraqi, Mirzə Əli Axtı, Səid Köçhür, Xlec Qurban, Yetim Emin, Süleyman Stalski, Kələntər Kələntərli, Asəf Mehman və digərlərinin ömür yolu, onların ideya və məfkurəsi iki qardaş xalqın vahid harmoniyasına xidmət edib. Hər iki xalqın etnoqrafik baxımdan dəyələri bir-birini tamamlayır. Bütün bunlara arxa çevirərək, Qafqazda daim xalqlararası ədavət toxumu səpmək üzrə ixtisaslaşmış ermənilərin dəyirmanına su tökmək heç də doğru yanaşmaq deyil. Ləzgi xalqının köhnə mahnısında belə bir deyim var:
Vun Bakudiz fiz xayita,
Zanjurda alay kuba huy yar.
Maxerin pul beqem aya,
Mad vun raxkurun tuba
huy yar.

Tərcüməsi:
Nə zaman ki, Bakıya hazırlaşırsan,
Qoy sənin üçün uğurlu olsun.
Toy-düyününə tezliklə pul qazan,
Əzizim, bir daha səni
heç yerə buraxmam.

Azərbaycanın Dağıstanla həmsərhəd rayonu Xaçmazda "Azərbaycan – Dağıstan Xalqlarının Dostluq Muzeyi” var. Bura dünyada yeganə məkandır ki, iki regionun xalqlarının tarixi əlaqələri haqqında minlərlə sənədlər, fotolar, video çəkilişlər orada nümayiş olunur. Azərbaycan və ləzgi xalqlarının müqəddəs dostluğunun simvolu olan bu muzey həm də qardaşlıq tellərinin sarsılmazlığının ən böyük nişanəsidir. Qoca Qafqazın tarixi demək olar ki, bu coğrafiyada yaşayan bütün xalqların ortaq dəyəridir. Heç bir xalqın varlığını və dəyərlərini də inkar etmək mümkün deyil. Qafqaz Albaniyası tarixi də bu dəyərlərin simvollarından biridir. Zatən alban sözünün türk mənşəli olması mədəni baxımdan həm də tarixi dominantlığın ən nəhəng nişanəsidir. Ona görə də, özünü qafqazlı saymayan ermənilərin süni şəkildə "avtoxonluq” iddialarının yanında yer almaq, həqiqətləri görməmək deməkdir. Tarixən Azərbaycan və ləzgi xalqları bu müqəddəs ideyalara sadiq olduqları üçün, onları kimsə üz-üzə qoya bilməmişdir.

Ə. Yusifoğlu
 
OXŞAR XƏBƏRLƏR